Sığorta agenti kimi fəaliyyət göstərən fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi?
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən sualına cavab olaraq bildirilib ki, sığortaçılar, təkrarsığortaçılar və sığorta vasitəçiləri (sığorta agentləri və brokerləri) sığorta bazarının peşəkar iştirakçılarıdır və onların fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növlərinə aiddir.
Vergilər Məcəlləsinin 218.5-ci maddəsinə əsasən, sığorta təşkilatlarının sadələşdirilmiş vergiödəyicisi olmaq hüququ olmadığı üçün, bu fəaliyyətlə məşğul olan fiziki şəxslər əldə etdikləri vergiyə cəlb olunan gəlirlərindən 20 faiz dərəcə ilə gəlir vergisi hesablayıb dövlət büdcəsinə ödəməlidirlər.
Həmçinin qeyd olunub ki, qanunvericiliyə görə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcəsi ilə vergi tutulur. Maliyyə xidmətlərinin göstərilməsi isə ƏDV-dən azaddır.