Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan «Qala Sığorta» 2020-ci ili 2,14 milyon manat mənfəətlə başa vurub.
FED.az şirkətin açıqladığı hesabata istinadən xəbər verir ki, 2020-ci ildə şirkətin cəmi gəlirləri 36 milyon 138 min manat təşkil edib.
Ötən il şirkətin əməliyyat gəlirləri 37 milyon 860 min manat olub ki, bunun da 33 milyon manatı birbaşa sığorta haqları təşkil edib.
Şirkət təkrarsığortaçıya verilmiş müqavilələrdən təqribən 3 milyon gəlir əldə edib, təqribən 1 milyon manat isə investisiya gəlirləri və subroqasiya ödənişləri kimi daxil olub.
Ümumilikdə 2020-ci ildə «Qala Sığorta»nın cəmi gəlirləri 2019-cu illə müqayisədə 5,1 milyon manat və ya 16,5% artıq olub.
2020-ci ildə «Qala Sığorta»nın xərcləri isə 33 378 min manat olub, bu əvvəlki illə müqayisədə 4 milyon manat və ya 13,8% artıqdır.
Xərclərin artımının əsas səbəbi təkrarsığortaçıya ödənilən sığorta haqları olub. 2019-cu ildə 17,4 milyon manat olan bu məbləğ 2020-ci ildə 21,2 milyon manat olub (3,8 milyon manat və ya 22% artım).
2020-ci ilin sonuna «Qala Sığorta» 619 min manat mənfəət vergisi ödəyib ki, bu da 2019-cu illə müqayisədə 252 min manat və ya 68% artıqdır.
Nəticədə «Qala Sığorta» 2020-ci ili 2 milyon 140,5 min manat xalis mənfəətlə başa vurub. Bu 2019-cu illə müqayisədə 800 min manat və ya 60% artıqdır.
“Qala Sığorta” ASC-nin mühasibat balansı, mənfəət və zərəri haqqında hesabat