“PAŞA Həyat Sığorta" şirkəti vergi borclarını hər zaman olduğu kimi vaxtında həyata keçirib. FED.az xəbər verir ki, bunu “Report”a açıqlamasında şirkətin marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi Elnur Hüseynquliyev deyib.
E.Hüseynquliyevin sözlərinə görə, vergi ödənişi yanvar ayının 23-də həyata keçirilib: “105 993 manatlıq vergi borcuna gəldikdə isə qeyd edə bilərik ki, cari ilin yanvarın 20-də qeyri-iş günü olduğu üçün ödənişlər yanvarın 23-də həyata keçirilib və 24 yanvar tarixində ödəniş artıq müvafiq bank hesabında əks olunub. Bu, texniki məsələlərdir. Biz “PAŞA Həyat” olaraq, vergilərimizin vaxtında ödənilməsi işinə daim nəzarət edirik”.
Xatırladaq ki, xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 2-nin vergi borcu var.
Məlumata görə, bu, "PAŞA Həyat Sığorta" və "Başak İnam Sığorta" ASC-lərdir. Onların vergi borcları müvafiq olaraq 105 993 manat və 2 225 manat olub.
Bundan başqa, ləğvetmə prosesində olan 2 sığorta şirkətinin də vergi öhdəliyi mövcuddur. Söhbət "Azərqarant Sığorta" (16 540 manat) və "Alfa Sığorta" (3 755 manat) ASC-lərdən gedir.