"Golden Pay" üzərindən sığorta satışı ilə bağlı sığortaçılar arasında narazılıq yaranıb. Bununla bağlı sığortaçıların narazılığı ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta bazarının monitorinqini aparıb. Monitorinq zamanı icbari sığorta müqavilələrinin bağlanması üçün məlumatların əldə edilməsi məqsədilə “QoldenPey” ASC tərəfindən 1 fevral - 1 mart 2018-ci il tarixlərində keçirilən hədiyyəli yarışın qanunsuz olduğu barədə açıqlama verib.
Bununla bağlı FED.az-ın sualını cavablandıran Palatanın verdiyi məlumata görə, “QoldenPey” ASC-nin İdarə Heyətinin sədri Fərid İsmayılzadə Palataya təqdim etdiyi izahatda bildirib ki, yeni reklam kampaniyasının məqsədi müştərilər haqqında məlumat toplamaq və sığorta müqaviləsinin bitməsinə az qalmış istifadəçilərə SMS və e-mail vasitəsi ilə yeni icbari sığorta müqaviləsinin bağlanmasını təklif etməkdir.
Eləcə də bax:Azərbaycanın valyuta ehtiyatlarına nə almaq olar? - SİYAHI
Palatadan öz növbəsində “Qolden Sığorta Agenti” MMC-yə bildirilib ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 11.4-cü maddəsinə əsasən qanunla və ya qanundan irəli gələn digər normativ hüquqi aktla müəyyən olunmuş icbari sığorta haqqına hər hansı formada əlavə və ya endirim (güzəşt) tətbiq etmək, həmçinin sığorta müqaviləsinin bağlanması müqabilində sığortalılara hədiyyələr vermək və ya bu cür sövdələşmələr təklif etmək qadağandır.
Bununla əlaqədar, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 11.4-cü maddəsinin tələblərinin pozulması halının dərhal aradan qaldırılması və bir daha bu pozuntuya yol verməməsi ilə bağlı “QoldenPey” ASC-yə icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş – Təqdimat təqdim edilib.