Mərkəzi Bankın qərarı ilə Standard Insurance Sığorta Şirkətinin sığorta fəaliyyəti üzrə lisenziyası ləğv edilmiş və məhkəmənin müflis olma ilə əlaqədar vermiş olduğu qərar 14 Sentyabr 2020-ci il tarixdə qüvvəyə minmişdir.
Eləcə də bax: “Standard Insurance” müflis elan edilib - Ləğvetmə Komissiyası Yaradılır
Qanunvericiliyə uyğun olaraq İcbari Sığorta Bürosu şirkətlə bağlanmış icbari sığorta müqavilələri üzrə öhdəliklərin həyata keçirilməsi ilə bağlı işlərin icrasına başlamış və bir gün ərzində təqribən min nəfər şəxsə kompensasiya ödənişi həyata keçirilmişdir.
FED.az xəbər verir ki, bürodan verilən məlumata görə, ödənişlərin toplam məbləği təqribən 800 min manat təşkil etmişdir.
Sığorta məhsullarının istehlakçılarının hüquqlarının qorunmasını daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təyin edilmiş müvəqqəti inzibatçı ilə birlikdə dəyərləndirmələrə öncədən başlanması ödənişlərin sürətlə həyata keçirilməsinə zəmin hazırlamışdır.
Son müqavilə tarixinə qədər baş verməsi ehtimal edilən hadisələrlə birlikdə təqribən 4 min hadisə üzrə ödənişin həyata keçirilməsi gözlənilir.
Xatırladaq ki İSB-nin fəaliyyət dövründə bu ikinci haldır. 2017-2018-ci illər üzrə Alfa Sığorta şirkətinin iflası nəticəsində Qurum tərəfindən təqribən 180 hadisə üzrə 311 000 manat kompensasiya ödənişi həyata keçirilmişdir.