“PAŞA Həyat Sığorta”şirkəti yeni satış strategiyasının reallaşdırılması və xidmət prosesinin optimallaşdırılması çərçivəsində Sumqayıt şəhərində yerləşən “Şimal” filialını bağlayıb. FED.az-a şirkətdən verilən rəsmi məlumata görə, bağlanan filialın əməkdaşları şirkətin Satış departamentinin strukturunda müvafiq vəzifələrə rotasiya edilib.
Bildirilir ki, bu dəyişiklik Satış departamentinin daxilində regional satış istiqamətinin gücləndirilməsi yönündə atılmış addımlardan biridir. Belə ki, bundan sonra bütün Şimal və Şimal-Qərb rayonlarında yerləşən müştərilərə xidmət birbaşa satış departamentində rayonlar üzrə xüsusi təyin edilmiş kuratorlar tərəfindən aparılacaq.
Qeyd edək ki, şirkətin 2018-2020-ci illər üzrə fəaliyyət strategiyasında Azərbaycanın bütün regionlarında həyat sığortasının təbliği, nümayəndəlik və partnyor əlaqələri hesabına təmsilçiliyin gücləndirilməsi, yerli sorğuların operativ həlli və digər məqsədlərin reallaşdırılması mühüm yer tutur.
Xatırladaq ki, hazırda şirkətin Gəncə şəhərində yerləşən “Qərb” filialı fəaliyyətini davam etdirir. Filialın fəaliyyət ərazisinə Gəncə şəhəri və ətrafı rayonlar, o cümlədn Qazax, Ağstafa, Tovuz, Gədəbəy kimi rayonlar daxil olmaqla bütövlükdə ölkənin qərb regionu daxildir.
“PAŞA Həyat”ın Sumqayıt filialının işçiləri baş ofisə rotasiya edilib
11:31
9 Dek 2017