SOCAR-ın “Qaradağ” sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı baş vermiş qəza zamanı xəsarət alan işçilərlə bağlı “PAŞA Həyat Sığorta” şirkətinə rəsmi müraciət edilməyib.
Fed.az xəbər verir ki, bu barədə şirkətin cavablandırdığı sorğuda bildirilir. Qeyd olunur ki, məlum hadisə ilə bağlı xəsarət alan işçilərlə bağlı hələlik qarşı tərəfdən rəsmi müraciət olunmayıb. Müraciət olunduğu andan şirkətin müvafiq şöbəsi bu hadisə ilə bağlı işlərə başlayacaq.
Qeyd edək ki, SOCAR-ın bütün əməkdaşlarının istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən edilib.
Xatırladaq ki, Qaradağ” sahəsindəki 490 saylı quyuda qazma prosesi zamanı qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanmış və Kompleks Qazma İşləri Trestinin “Qaradağ-Qalmaz” İstehsalat Bölümünün qazmaçı köməkçiləri 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğluna və 1964-cü il təvəllüdlü Ədilov Cavad Əlibala oğluna xəsarət yetirilib.