Azərbaycanın ən iri sığorta şirkəti olan “PAŞA Həyat” 2016-cı ilin yanvar-sentyabr ayları üzrə ilkin hesabatını açıqlayıb.
Şirkətin strateji direktoru İsrail Qarayevin verdiyi məlumata görə, cari ilin yanvar-sentyabr aylarında “PAŞA Həyat” tərəfindən 61,803 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 45,3% çoxdur.
İ.Qarayev bildirib ki, hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə “PAŞA Həyat” tərəfindən 25,597 mln. manat sığorta ödənişi verilib və nəticə etibarı ilə sığorta ödənişlərinin həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə təxminən 3,4 dəfə artıb.
Qeyd edək ki, məcmu aktivlərinin həcminə görə “PAŞA Həyat” Azərbycanın ən iri sığorta şirkətidir. Sari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.
Xatırladaq ki, “PAŞA Həyat” 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta” və digər könüllü həyat sığortası məhsulları təklif edir.