Azərbaycanın “Günay Sığorta” şirkətində daxili təyinatlar olub.
Şirkətdən FED.az-a verilən xəbərə görə, bu ilin noyabr ayının 27-də keçirilən iclasda səhmdarların müvafiq qərarı ilə Həsən Bədəlov İdarə Heyətinin sədri, Vüqar Babakişiyev isə Direktorlar Şurasının üzvü təyin edilib. Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edildikdən sonra təyin olunan şəxslər rəsmi olaraq vəzifələrinin icrasına başlayacaqlar.
Qeyd edək ki, bu təyinata qədər H.Bədəlov “Günay Sığorta” şirkətinin Direktorlar Şurası sədrinin müavini vəzifəsini icra edib.
H.Bədəlov Azərbaycanın maliyyə sektorunun tanınmış simalarındandır. O, əmək fəaliyyətinə 2002-ci ildə Türkiyə Ziraat Bankı və Azərbaycan dövlətinin birgə təsisçisi olduğu “Azər Türk Bank”da başlamışdır. 2004-2008-ci illərdə həmin bankda departament direktoru, daha sonra isə İdarə Heyətinin üzvü olmuşdur. 2008-2013-cü illərdə “Azərbaycan Sənaye Bankı”nda İdarə Heyəti sədrinin müavini, 2013-2014-cü illərdə “Azərsun Holdinq”in də daxil olduğu “İntersun Management Company”də bank, sığorta və pərakəndə sahələri üzrə maliyyə müşaviri, 2014-2015-ci illərdə bir sıra maliyyə qurumlarında müşavir kimi işləmişdir. 2016-cı ildən isə “Günay Group”da çalışır.
Direktorlar Şurasına üzv olmamışdan əvvəl “Günay Sığorta” şirkətində İdarə Heyətinin sədri olmuş Vüqar Babakişiyev isə sığorta sektorunun ən yaxşı kadrlarından hesab olunur. O, sığorta sahəsində uzunmüddətli təcrübəyə malikdir.
V.Babakişiyev 2001-2016-cı ildə “Azərsığorta” şirkətində İdarə Heyəti sədrinin müşaviri, departament direktoru və daha sonra İdarə Heyətinin üzvü vəzifəsinədək yüksəlib.
Xatırladaq ki, dünən bəzi saytlarda “Günay Sığorta” şirkəti ilə bağlı məlumat dərc edilmişdi. Şirkət bir daha bəyan edir ki, yayılan xəbər həqiqəti əks etdirmir, yalnış və əsassızdır.
Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" 1992-ci ildən fəaliyyət göstərir. 25 illik inkişaf tarixinə malik olan şirkət sığorta bazarında dayanıqlı mövqe tutmuş və fəaliyyəti ərzində müştərilərin inamını doğrultmuşdur.
Hazırda 7,7 milyon manat nizamnamə kapitalına malik olan şirkət müştərilərə 19 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
Sığorta bazarında öz dinamik inkişafı ilə seçilən şirkət sosial məsuliyyətini dərindən dərk edərək bir çox layihlərin həyata keçirilməsində, gerçəkləşməsində yaxından iştirak edir.
“Günay Sığorta” Azərbaycan sığortaçıları arasında yüksək imiclə yanaşı, müştərilərin məmnuniyyətini qazanmış bir şirkətə çevrilib.
“Günay Sığorta”ya yeni sədr təyin edildi
17:19
29 Noy 2017