Əmək müqaviləsinin müddəti qurtardıqda işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” qanuna uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 35 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay sonra bu qanunda nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində sığorta ödənişi təyin olunacaq.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün tətbiqi barədə fərman imzaladığı “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunda əksini tapıb.
Hazırda qüvvədə olan qanuna əsasən, ilk dəfə sığorta ödənişi təyin olunduğu vaxtdan 24 ay ərzində “Məşğulluq haqqında” qanunda nəzərdə tutulmuş münasib işlə təmin olunmayan şəxsin bir dəfə təkrar müraciət edərək yenidən minimum sığorta ödənişi almaq hüququ var.
Əmək müqaviləsinin müddəti qurtarması istisna olmaqla, ilk dəfə sığorta ödənişi təyin olunduğu vaxtdan 24 ay ərzində “Məşğulluq haqqında” qanunda nəzərdə tutulmuş münasib işlə təmin olunmayan şəxsin bir dəfə təkrar müraciət edərək yenidən minimum sığorta ödənişi almaq hüququ var. Əmək müqaviləsinin müddəti qurtaran şəxslərə təkrar sığorta ödənişinin təyin olunmasına yol verilməyəcək.
Hazırda sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir. Dəyişikliyə əsasən, sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, əmək müqaviləsinin müddəti qurtardıqda 3 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin ediləcək.
Hazırda işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 3 il sığorta stajına malik əmək qabiliyyətli şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olaraq onun itirilmiş orta aylıq əməkhaqqının məbləğinə aşağıdakı faiz dərəcələri tətbiq olunmaqla hesablanır:
- sığorta stajı 3 ildən 5 ilə qədər olduqda – 50 faiz;
- sığorta stajı 5 ildən 10 ilə qədər olduqda – 55 faiz;
- sığorta stajı 10 ildən yuxarı olduqda – 60 faiz.
Dəyişikliyə əsasən, işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı bir il sığorta stajı olan əmək qabiliyyətli şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olmayaraq, onların itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanacaq. "apa"