Cari ilin sentyabr ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 86 186 elektron sığorta müqaviləsi qeydiyyata alınıb.
İSB-dan FED.az-a verilən məlumata görə, bunlardan 13 920 xarici ölkələrdə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri üzrə bağlanılan müqavilələr olub. Hesabat dövründə bağlanılan standart və sərhəd sığorta müqavilələri üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 6 834 654 manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 24% artım, sığorta haqlarının məbləğində isə 21% artım müşahidə edilib.
1 noyabr 2016-cı il tarixindən etibarən avtomobillər üçün icbari sığorta müqavilələrinin kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılmasına başlanılıb. 1 noyabr tarixinədək kağız daşıyıcıda bağlanılan avtomobillərin icbari sığorta müqavilələri təminat müddətlərinin bitdiyi tarixədək qüvvədədir.
Qeyd edək ki, hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti (“Atəşgah” Sığorta Şirkəti ASC, “Standard İnsurance” Sığorta Şirkəti ASC, “AtaSığorta” ASC, “Xalq Sığorta” ASC, “PAŞA Sığorta” ASC, “AXA MBASK” Sığorta Şirkəti ASC, “AzSığorta” ASC, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, “Meqa Sığorta” ASC, “İPƏK YOLU SIĞORTA” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Qala Sığorta” ASC, “Günay Sığorta” ASC) fəaliyyət göstərir.