Azərbaycanda icbari tibbi sığortanın tətbiqi zamanı təbii səbəblərdən gəlir əldə edə bilməyən əhali qruplarının dövlət vəsaiti hesabına icbari tibbi sığortaya cəlbi nəzərdə tutulur.
Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Monitorinq, təhlil və informasiya texnologiyaları şöbəsindən bildirilib ki, bütün əhalinin icbari tibbi sığorta sistemi ilə əhatə edilməsi nəzərdə tutulur. Belə ki, sığorta sistemində güzəşt tətbiq olunacaq əhali qrupuna işləməyən pensiyaçılar, əlillər, uşaqlar, aztəminatlı ailələr, işsizlik statusu olan şəxslər daxildir. Bu qrup insanlar icbari tibbi sığorta ödənişindən azad olunacaq və onların icbari tibbi sığortaya cəlbini dövlət həyata keçirəcək. Amma digər şəxslər üçün icbari tibbi sığorta ödənişləri tətbiq olunacaq. İlkin olaraq, bu, pilot rayonlar üzrə sınaqdan keçiriləcək.
Qeyd edək ki, sığorta sisteminin tətbiqi üçün Yevlax rayonu və Mingəçevir şəhəri pilot ərazilər seçilib.
Agentlik rəsmisinin sözlərinə görə, icbari tibbi sığorta sisteminin mərhələli şəkildə ölkənin digər bölgələrində də tətbiqi nəzərdə tutulur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır