Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 286,57 milyon manat sığorta haqqı toplanılıb.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 71,6% çoxdur.
10 ay ərzində qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 330,601 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 11,8% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 7,4% azalaraq 89,141 milyon manata düşüb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 7,8% artaraq 116,819 milyon manata çatıb.
Beləliklə, 2018-ci ilin yanvar-oktyabrında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 31,1 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 35,3 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2017-cı ilin yanvar-oktyabrında müvafiq olaraq 57,65 manat və 36,65 manat olub.