2025-ci ildə həyata keçirilən elektronlaşma layihəsi sığorta şirkətlərindən daxil olan müraciətlərin sayında əhəmiyyətli azalma ilə nəticələnib.
İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosunun Hüquqi Şəxslərin İttifaqının 2025-ci ildə icra olunmuş strateji layihələr üzrə illik hesabatının təqdimatında Xanım Camalova bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində tətbiq olunan rəqəmsal həllər həm sorğuların sayını, həm də əməliyyat yükünü xeyli azaldıb.
Məlumata görə, sığorta şirkətlərindən Büroya İTSM (dəstək xidməti) üzərindən daxil olan sorğuların sayı təxminən 97 faiz azalıb. Bu dəyişiklik sayəsində sığorta şirkətləri artıq məlumatları operativ şəkildə onlayn rejimdə özləri sorğu edə bilirlər.
Statistik göstəricilərə əsasən, oktyabr ayında Form 4 üzrə təqdim edilən müraciətlərin sayı 548 olduğu halda, noyabrda bu göstərici 16, dekabrda isə 13-ə düşüb. Form 4-lə bağlı sorğuların sayında da oxşar azalma qeydə alınıb.
Elektronlaşmanın tətbiqi nəticəsində əməliyyat departamentinin iş yükü əhəmiyyətli dərəcədə azalıb, proseslərin icra müddəti qısalıb və insan resurslarından daha səmərəli istifadə imkanları yaranıb.
Qeyd olunur ki, layihə sığorta sektorunda rəqəmsal transformasiyanın sürətlənməsinə və xidmət keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verib.












