“Azərbaycanda keyfiyyətli tibbi xidmət ancaq icbari tibbi sığorta sisteminə keçdikdən sonra mümkün olacaq”.
Bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
“Hesab edirəm ki, 2018-ci ildə nə qədər çətin olsa da, bütövlükdə icbari tibbi sığortaya keçəcəyik və bu sistemi tətbiq edə biləcəyik. Bir şeyi dərk etməliyik ki, hansı ölkə tibb sahəsində uğurlar əldə edibsə, ancaq icbari tibbi sığortanın hesabına bu uğurlar əldə olunub. Biz nə qədər tez icbari tibbi sığortaya keçsək, Azərbaycanda səhiyyənin və tibbi xidmətin səviyyəsi yüksəlməyə başlayacaq”, - deyə Ə. Əmirasalanov söyləyib.
Komitə sədri bildirib ki, icbari tibbi sığortanın tətbiqi ilə bağlı bütün məsuliyyəti dövlətin üzərinə atmaq olmaz: “Dövlət ancaq aztəminatlı təbəqənin maliyyələşdirməsini öz üzərinə götürməlidir. İcbari tibbi sığortanın tətbiqi və maliyyələşməsi ilə bağlı kifayət qədər digər mənbələr var və bunlardan istifadə etmək lazımdır. Bunun üçün hesab edirəm ki, Maliyyə, Səhiyyə nazirlikləri, parlamentin Səhiyyə komitəsi toplaşıb bu məsələni müzakirə etməlidir. Səhiyyə Nazirliyi, digər qurumlar Maliyyə Nazirliyi ilə bir yerdə oturub, ciddi tədbirlər planı hazırlamalıdır. Bir daha deyirəm ki, icbari tibbi sığortanı toplamaq üçün ehtiyat mənbələrimiz var və onlardan istifadə etmək lazımdır”.
Apa©