2017-ci ilin sentyabr ayı ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 11 461 sığorta müqaviləsi bağlanılıb.
İcbari Sığorta Bürosundan FED.az-a bildirilib ki, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 2 488 303 manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 9463-ü yaşayış evləri və mənzillər, 15-i inzibati binalar, 1983-ü isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 37% azalma, sığorta haqlarının məbləğində isə 112% artım müşahidə edilib.
Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası (DƏİMMİS) üzrə bağlanmış müqavilələrin sayı 136, bu müqavilələr üzrə sığorta haqlarının həcmi 10 590 manat təşkil edib.
Sərnişinlərin icbari fərdi qəza sığortası (SİFQS) üzrə 51 sığorta müqaviləsi bağlanmış, sığorta haqlarının həcmi 13 859 manat olub.
Qeyd edək ki, hazırda daşınmaz əmlakın icbari sığortası növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti (“Atəşgah” Sığorta Şirkəti ASC, “Standard Insurance” Sığorta Şirkəti ASC, “AtaSığorta” ASC, “Xalq Sığorta” ASC, “PAŞA Sığorta” ASC, “AXA MBASK” Sığorta Şirkəti ASC, “AzSığorta” ASC, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, “Meqa Sığorta” ASC, “İpək Yolu Sığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Qala Sığorta” ASC, “Günay Sığorta” ASC) fəaliyyət göstərir.