«Azsığorta» ASC-nin 2024-cü il üzrə vəziyyəti məlum olub.
FED.az xəbər verir ki, 2023-cü illə müqayisədə şirkətin gəlirləri və xərcləri, o cümlədən sığrta ödənişləri kəskin azalıb.
Belə ki, ötən il «Azsığorta»nın əsas əməliyyat gəlirləri 9 milyon 93 min manat təşkil edib ki, bu da illik müqayisə ilə 662 min manat və ya 6,8% azdır.
Bu gəlirlərdən 8,6 milyon manatı birbaşa sığorta üzrə sığorta haqlarının, 450 min manat isə təkrarsığorta üzrə təkrarsığorta haqlarının payına düşüb. 2023-cü illə müqayisədə toplanan sığorta haqları 632 min manat və ya 8% artıb, təkrar sığortadan alınan məbləğlər isə 136 min manat və ya 23% azalıb.
Sığorta şirkətinin investisiya gəlirləri 2,2 milyon manat (300 min manat və ya 12% azalma) təşkil edib.
Şirkətin sair gəlirləri isə 452 min manat olub ki, bu da 2023-cü illə müqayisədə 7,4 dəfə azdır.
Ümumilikdə 2024-cü ildə «Azsığorta»nın gəlirləri 13 milyon 33 min manat təşkil edib. 2023-cü illə müqayisədə ümumi gəlirlər 7,3 milyon manat və ya 36% aşağı düşüb.
Xatırladaq ki, 2023-cü ildə «Azsığorta»nın ümumi gəlirləri 20,3 milüon manat olmuşdu.
2024-cü ildə «Azsığorta»nın xərclərində də kəskin azalma baş verib. ASC-nin əsas əməliyyat xərcləri 3 dəfə və ya təxminən 6 milyon manat azalaraq 2023-0cü ildəki 9,8 milyon manatdan 2024-cü ildə 3,6 milyon manata enib. Şirkətin sair xərcləri də 2,5 dəfə azalaraq 1,4 milyon manata enib.
Ümumilikdə ötən il şirkətin xərcləri 7,5 milyon manat azalaraq 10,9 milyon manata düşüb.
2024-cü ildə «Azsığorta»nın maliyyə mənfəəti 2 milyon 159 min manat olub. 466 min manat mənfəət vergisi ödənişindən sonra şirkət 2024-cü ili 1 milyon 694 min manat xalis mənfəətlə tamamlayıb.
2024-cü ilin sonunda «Azsığorta» ASC-nin aktivləri 30 milyon 700 min manat təşkil edib. Şirkətin öhdəlikləri 934 min manat və ya 7,3% azalaraq 11,9 milyon manata düşüb. Şirkətin balans kapitalı 18 milyon 832 min manata çatıb.