Azərbaycanın yeganə təkrar sığorta şirkəti olan «Azre» 2021-ci il üzrə hesababatını açıqlayıb.
FED.az hesabata istinadən xəbər verir ki, 2021-ci ildə şirkətin gəlirləri azalıb, aktivlərinin kəskin aşağı düşməsi nəticəsində «Azre» «kiçilib», amma ehtiyat ayırmaları hesabına mənfəətdə qala bilib.
Belə ki, 2021-ci ildə «Azre»nin aktivlərinin həcmi 54 milyon manat və ya 30% azalaraq 181 milyon manatdan 127 milyon manata enib.
Bu dövrdə şirkətdəki pul vəsaitləri 3,5 dəfə azalaraq 37 milyon manatdan 10,5 milyon manata enib. Banklardakı depozitlər 6 milyon manat artaraq 13 milyon manata çatsa da, qiymətli kağızlara investisiyalar 24 milyon manat azalaraq 71,3 milyondan 47,3 milyon manata enib.
Şirkətin sığorta və təkrar sığorta əməliyyatları üzrə alacağı məbləğlər də 2 dəfədən çox azalaraq 13 milyondan 5 milyon manata enib.
Bu dövrdə şirkətin öhdəlikləri 50m milyon manatdan çox azalaraq 99 milyondan 48 milyon manata enib.
2021-ci ilin nəticələrinə görə, «Azre»nin kapitalında da azalma baş verib, şirkətin bölüşdürülməmiş mənfəəti 4 milyon manata qədər azalaraq 25,9 milyon manata enib baxmayaraq ki, şirkət ili mənfəətlə tamamlayıb.
Nəticədə cəmi kapital 3,7 milyon manat azalaraq 78 milyon manata enib.
2021-ci ilin yekunlarına görə, əsas problemlər «Azre»nin birbaşa fəaliyyəti – sığorta yığımları ilə bağlıdır.
Ötən ilin nəticələrrinə görə, ölkənin yeganə təkrar sığorta şirkətinin hesablanmaış sığorta haqları 70,6 milyon manat olub. Bu əvvəlki illə müqayisədə 26 milyon manat və ya 27% azdır (əvvəlki ilə 96,7 milyon manat idi).
Şirkətin təkrarsığortaya ötürdüyü sığorta haqları 16,2 milyon manatdan 9,3 milyon manata enib.
Nəticədə hesablanmış xalis sığorta haqları 79 milyon manatdan təqribən 60 milyon manata enib – 24% azalma.
Qazanılmış xalis sığorta haqları isə 75 milyon manatdan 53 milyon manata enib – 30% azalma.
Əvəzində şirkətin ödənişləri kəskin artaraq 2020-ci ildəki 31 milyon manatdan 47 milyon manata yüksəlib.
Məcmu zərər ehtiyatındakı azalma şirkəti vəziyyətdən çıxarıb. Azalolma nəticəçsində 24,7 milyon vəsait ehtiyatlardan geri qaytarılıb. Ötən il isə bu məqsədlə 29,3 milyon manat ayrılmışdı.
Nəticədə ilin sonunda sığorta ödənişləri üzrə xalis zərər ötənilki 58 milyon manatdan 22 milyon manata enib.
Digər gəlir və xərclərdə 2020-ci illə müqayisədə ciddi dəyişiklik baş verməyib və şirkət ili vergidən əvvəlki 14,4 milyon manat mənfəətlə başa vurub. Ötən il bu göstərici 4,7 milyon manat idi.
Vergi xərclərini, eləcə də digər mənfəətə maddələrini nəzərə alanda «Azre» 2021-ci ili 10,575 milyon manat xalis mənfəətlə bağlayıb.