Ləğv prosesində olan “Azərqarant Sığorta” ASC öhdəliklərini ötən gün “Günay Sığorta” ASC-yə ötürüb.
Bu barədə ““Azərqarant Sığorta”nın baş mühasibi Tamilla Tağıyeva məlumat verib.
Onun sözlərinə görə, “Günay Sığorta”ya ümumi dəyəri 17 677 397 manat olan 162 sığorta müqaviləsi üzrə öhdəliklər ötürülüb. Bunun üçün isə qarşı tərəfə 55 070 manat sığorta haqqı ödənilib. Başqa sözlə, “Azərqarant Sığorta” hər 100 manatlıq öhdəliyin gələcək icrasına görə cəmi 0,31 manat xərc çəkib.
T.Tağıyevanın sözlərinə görə, təmsil etdiyi şirkətin bağladığı sığorta müqavilələrinin müddəti ən geci 2019-cu ilin fevral ayında bitir. Bu müqavilələr əsasən 3 sığorta növü - əmlak, səyahət və fərdi qəza sığortası üzrə bağlanılıb.
Xatırladaq ki, "Azərqarant Sığorta" 1993-cü ildə yaradılmış "Şərqə Qapı Sığorta" MMC-nin hüquqi varisidir. Onun nizamnamə kapitalı 5,61 mln. manatdır. Şirkətin səhmləri 100% Oqtay Abbas oğlu Əliyevə (Direktorlar Şurasının sədri) məxsusdur.
"Azərqarant Sığorta" ötən il noyabrın 1-dən fəaliyyətini dayandırıb. Buna səbəb Şirkətin kapital çatışmazlığı problemi ilə üzləşməsidir. Bundan sonra onun öhdəliklərinin yerinə yetirilməsi üçün komissiya yaradılıb.