Xəstəliklərin və xüsusilə, iş yerlərində baş verən qazalar nəticəsində xəsarət alanların artdığı bir vaxtda tibbi sığortadan yararlanmaq gündəmə gəlir. FED.az Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin təqdim etdiyi tibbi sığorta paketlərini və onların qiymətlərini araşdırıb.
Öncədən qeyd edək ki, şirkətlər daha çox korporativ tibbi sığortaya üstünlük verirlər. Yalnız “A group” Sığorta Şirkətində özəl və ailə sığortası əldə etmək mümkündür. Bütün sığorta paketlərində qiymətlər oraya daxil olan tibbi xidmətlərin sayından, kollektivdəki işçilərin sayı, yaş qrupu, cinsi, keçirdikləri xəstəliklər və tələb etdikləri tibbi xidmətlərdən asılı olaraq dəyişir.
Qeyd edək ki, korporativ sığortanı əldə etmək üçün komandada ən azı 10 nəfər olmalıdır. “Xalq Sığorta”da isə ən azı 15 nəfər tələb olunur. Kollektivin sayı bundan az olduqda müqavilə bağlanmır.
Atəşgah Sığorta şirkətində əsasən, 4 tibbi sığorta paketi təqdim edilir - Standart, Standart+dərman, Klassik, Prestij. Burada qiymət 1 nəfər üçün illik 250 manatdan başlayır. Paketlərə daxil olan xidmətlər artdıqca qiymətlər də qalxır. Bu şirkətdə 450 manata da tibbi sığorta paketi əldə etmək olar.
17 nəfərlik kollektivdə bu paketlərin qiymətləri 1 nəfər üçün illik sığorta məbləği belə dəyişir:
STANDARD - 291 manat
STANDARD PLUS MEDICINES – 375 manat
CLASSIC - 448 manat
PRESTIGE - 523 manat
Standart İnsurance da ən azı 10 nəfərlik komanda ilə sığorta müqaviləsi bağlayır. Burada da qiymətlər işçilərin yaşı və cinsindən, tələb etdikləri sığorta paketindən asılıdır.
Şirkət müştərilərinə üç əsas sığorta proqramı təqdim edir: BASIC, MEDIUM, VIP.
BASIC paketinə stasionar xidmətlər, ambulator-poliklinik xidmətlər və təcili tibbi yardım daxildir.
MEDIUM paketinə isə yuxarıda sadalanan xidmətlərlə yanaşı, ambulator şəraitdə dərman təchizatı və stomatoloji xidmətlər daxildir.
VIP paketdə isə stasionar, ambulator-poliklinik, təcili tibbi yardım, ambulator şəraitdə dərman təchizatı, stomatoloji xidmətlər, tibbi müayinə, vaksinasiya və vitaminizasiya əksini tapıb.
Bundan başqa, hər bir korporativ müştəri öz tələblərinə uyğun sığorta paketini formalaşdıra bilər. Qiymətləri açıqlamaq üçün sığorta şirkəti müştərilərini “çay qonaqlığına” dəvət edir.
Atasığorta şirkəti də ən azı 8-10 nəfərlik kollektivlər üçün tibbi sığorta paketləri təqdim edir. Digər şirkətlərdə olan tibbi xidmətlər burada da var. Atasığorta-da tibbi sığorta paketinin qiyməti ilkin olaraq 350-400 manatdan başlayır. Təbii ki, paketə daxil olan xidmətlərin sayı artıqda qiymətlər də bahalaşır.
Digərlərindən fərqli olaraq “Xalq Sığorta” ən azı 15 nəfərlik korporativ müştərilərə xidmət göstərir. Şirkət 17 nəfərlik kollektiv üçün “Extra” paketində bir nəfərin illik tibbi sığorta məbləğini 1 170 manata təklif edir. Bir nəfər üçün bir illik sığorta ödənişinə isə şirkət 10 000 min manat xərcləyə biləcəyini bildirib.
Fərdi və ya özəl sığorta paketi təqdim edən yeganə şirkət isə A-Group Sığortadır. Şirkətin təqdim etdiyi özəl sığorta paketinə vaksinasiya, təcili yardım, ambulator və stasionar müalicə, dərmanlar, “cek up” müayinə, fizioterapiya, masaj kimi xidmətlər daxildir. Bütün bunlardan yararlanmaq üçün minimum illik 550-600 manat ödəməlisiniz. Ancaq xidmətlərin sayından asılı olaraq bu rəqəmlər dəyişir.
Ailə paketi isə 3 və daha çox ailə üzvü üçün nəzərdə tutulub. Burada qiymətlər ailə üzvlərinin sayı və xidmətlərin siyahısına görə dəyişir. Qeyd edək ki, ailə paketinin illik ödənişini 6 ay müddətinə heç bir faizsiz, hissə-hissə ödəyə bilərsiz.
“A-Group”un təqdim etdiyi fors-major paketi isə 80 dollardır (təxminən 136 manat).
“Azsığorta” şirkəti 3 tibbi sığorta paketi təklif edir. 17 nəfərlik kollektiv üçün həmin paketlərdə qiymətlər belə dəyişir:
Basic Plus - 1 nəfər üçün sığorta haqqı 460 manat
Personal – 1 nəfər üçün 580 manat
Personal Plus - 1 nəfər üçün 690 manat
“Qala Sığorta” ən çox tibbi sığorta paketi təqdim edən şirkətlərdəndir. Burada Ekonom, Standard, Premium, Premuim Plus və Pediatric olmaqla 5 paket hazırlayıb. Hazırda yalnız korporativ müştərilərə tibbi sığorta xidməti göstərən “Qala Sığorta” minimum 10 nəfərlik qruplarla müqavilə bağladığını açıqlayıb.
Paketlər hər müştəri üçün individual olaraq tərtib edilir. Burada qiymətlər sığortalı sayı, yaş qrupu, fəaliyyət növü, tələb olunan xidmətlər kimi amillərdən asılı olaraq dəyişir. Tibbi sığorta qiymətləri 300 manatdan başlayır.
Azərsığorta Dövlət Şirkətinin təklif etdiyi sığorta paketlərinə təcili tibbi yardım, ambulator-poliklinik, stasionar, stomotoloji xidmətlər və tələb edilən digər xidmətlər də daxildir. 17 nəfərlik kollektiv üçün həmin paketlərin illik sığorta haqqları belə dəyişir:
Gold A - 450 manat
Gold B – 400 manat
Gold C - 350 manat
Medium A - 300 manat
Medium B - 250 manat
Platunum B – 600 manat (buraya hamiləlik xidməti də daxildir)
Platinum A – 700 manat.
Onu da deyək ki, “Amrah Sığorta” və “Rəvan Sığorta” şirkətləri tibbi sığorta xidməti göstərmirlər. “Mega Sığorta” şirkəti isə daha böyük kollektivlərlə işləyir. Burada tibbi sığorta müqaviləsi bağlamaq üçün işçilərin sayı ən azı 100 nəfər olmalıdır.
Azərbaycanda tibbi sığorta neçəyədir? - SİYAHI
11:50
29 Yan 2018