Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 450,761 milyon manat sığorta haqqı toplanılıb.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 47% çoxdur.
10 ay ərzində icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 7,1% artaraq 166,409 milyon manat olub.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 149,742 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 5,8% azdır. Ötən 10 ayda icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 22,9% artaraq 56,219 milyon manata çatıb.
Beləliklə, 2018-ci ilin yanvar-oktyabrında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 33,2 manatı qədər ödəniş edilib. Bu rəqəm 2017-ci ilin yanvar-oktyabrında 51,7 manat olub. Son 1 ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 29,4 manatdan 33,8 manata qalxıb.