Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 186,55 mln. manat sığorta haqqı toplanılıb.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,9% çoxdur.
11 ay ərzində qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 317,685 mln. manat təşkil edib. Bu isə illik müqayisədə 0,8% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 25,9% artaraq 113,499 mln. manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 8,2% azalaraq 117,381 mln. manata düşüb.
Beləliklə, yanvar-noyabrda həyat sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 60,8 manatı, qeyri-həyat sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 36,9 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər ötən ilin ilk 11 ayında müvafiq olaraq 67,6 manat və 40,6 manat olub.