Bu ilin yanvar-oktyabr aylarının yekunlarına görə, Azərbaycandakı 21 sığorta şirkətindən 15-nin yığımları illik müqayisədə artıb, 6-nın yığımları azalıb.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, ötən 10 ayda yığımları ən çox artan şirkət "Amrah Sığorta" ASC-dir. Bu şirkət hesabat dövründə 509 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 31,9 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə "Atəşgah Sığorta" ASC-dir. Bu şirkətin daxilolmaları ötən 10 ayda 31,199 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 2,9% çoxdur.
Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "Günay Sığorta" ASC-dədir. Bu şirkət 8 ay ərzində 5,243 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 35,7% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə "İpək Yolu Sığorta" ASC-dədir. Bu şirkətin yığımları 5,3% azalaraq 15,951 milyon manata düşüb.