Son illər Azərbaycanın regionda yerləşən həmsərhəd dövlətlərlə turistik və ticari əlaqələrinin davamlı inkişafı fonunda ölkəyə gələn əcnəbi turistlərlə yanaşı, qonşu ölkələrə səfər edən azərbaycanlıların da sayının artması müşahidə edilir.
Yaxın ölkələrin ərazilərinə səyahət edən vətəndaşlar əksər hallarda öz avtonəqliyyat vasitələri ilə səfərə yollanır və bu zaman gedəcəkləri ölkədə onların sürücü kimi mülki məsuliyyətinin sığortalanması məsələsi ön plana çıxır. Bununla bağlı olaraq, Azərbaycan 2016-cı ilin 1 yanvar tarixindən etibarən qoşulduğu “Yaşıl Kart” beynəlxalq sığorta sistemi çərçivəsində xaricə səyahət edən azərbaycanlı sürücülərin bu sistemə üzv olan digər ölkələrin ərazisində mülki məsuliyyətinin sığortasını təmin edir. Artıq bir ildən çoxdur ki, “Yaşıl Kart” sistemi ölkələrinə səfər edən Azərbaycan Yaşıl Kartı sahibləri öz səfərlərini sığortalı şəkildə planlaşdıra və həyata keçirə bilirlər.
Cari ilin əvvəlindən Azərbaycandan “Yaşıl Kart” sisteminin əhatə etdiyi ölkələrə yollanan sürücülərin həmin ölkələrdə öz avtonəqliyyat vasitələri ilə yol-nəqliyyat hadisələrinə səbəb olması ilə bağlı 18 fakt qeydə alınmışdır. Bunlar əsasən Türkiyə, Rusiya, İran və Polşa kimi ölkələrin ərazilərində Azərbaycan Yaşıl Kartı sahibləri olan sürücülərin təqsiri üzündən baş vermiş yol qəzaları olmuşdur. Ötən dövr ərzində qeydə alınan sığorta hadisələri nəticəsində əmlakına və ya sağlamlığına ziyan dəymiş qarşı tərəflərə (üçüncü şəxslərə) “Yaşıl Kart” sisteminin mexanizmi əsasında sığorta ödənişlərinin verilməsi məqsədilə ölkələrarası müvafiq sənədləşmə və qeydiyyat işləri aparılmış, əksər hallar üzrə ödənişlərin icrası artıq başa çatdırılmışdır.
Azərbaycanın milli Yaşıl Kart bürosu funksiyalarını həyata keçirən İcbari Sığorta Bürosu öz missiyasına sadiq qalaraq bundan sonra da beynəlxalq “Yaşıl Kart” Sazişi çərçivəsində öz öhdəliklərinin icrasını təmin edəcəkdir.
Yaşıl Kart nədir?
“Yaşıl Kart” – hazırda 48 ölkənin daxil olduğu beynəlxalq sığorta sistemi olub, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası şəhadətnaməsinin bu sistemin iştirakçıları, yəni üzv ölkələr arasında qarşılıqlı tanınması haqqında Sazişdir. Bu Sazişin iştirakçıları olan ölkələrin hər hansı biri tərəfindən verilmiş “Yaşıl Kart” sığorta şəhadətnaməsi həmin Sazişin iştirakçısı olan digər dövlətlərin ərazisində etibarlı sayılır.
“Yaşıl Kart” sisteminin başlıca təyinatı onun üzvü olan istənilən ölkəyə səfər edən əcnəbi sürücülərin mülki məsuliyyətinin onların mənsub olduğu ölkənin qanunvericiliyinə uyğun qaydada sığortalanması ilə səyahət etdikləri ölkələrdə törətdikləri yol-nəqliyyat hadisələri nəticəsində vurduqları zərərin əvəzinin hadisənin baş verdiyi ölkənin qanunvericiliyinə uyğun qaydada ödənilməsini təmin etməkdən ibarətdir.
Mahiyyətcə, Yaşıl Kart sığortası standart avtoməsuliyyətin icbari sığortası növü ilə oxşardır, belə ki hər iki sığorta növü avtonəqliyyat vasitəsinin sahibinin üçüncü şəxs (və ya şəxslər) qarşısında mülki məsuliyyətini sığortalayır. Sığortaolunan üçün bu iki sığorta növünün başlıca fərqi birinin ölkə ərazisində, digərinin isə beynəlxalq miqyasda qüvvədə olmasındadır. Avtoməsuliyyətin icbari sığortasında olduğu kimi, Yaşıl Kart da sahibinə ödədiyi nisbətən kiçik sığorta haqqı müqabilində daha böyük məbləğlərdə sığorta təminatı təqdim edir.
Sistemin digər üstünlüyü Yaşıl Kart sahibinin yol-nəqliyyat hadisəsi törətdiyi zaman yaranan mülki məsuliyyətinin təminat məbləğləri ilə bağlıdır. Sistemə daxil olan hər bir ölkə üzrə bu cür təminat məbləğləri müəyyən olunmuşdur və əksər ölkələrdə bu məbləğlər olduqca yüksək və hətta məhdudiyyətsizdir. Bu o deməkdir ki, Yaşıl Kart sahibi olan sürücünün səbəb olduğu yol qəzası nəticəsində zərərçəkən qarşı tərəfin (üçüncü şəxsin) əmlakına və ya sağlamlığına dəyən zərər əksər hallarda məbləğindən asılı olmayaraq tam həcmdə hadisənin baş verdiyi ölkənin Yaşıl Kart Bürosu tərəfindən qarşılanacaq.
Sistem necə işləyir?
“Yaşıl Kart” sistemi çərçivəsində vurulan zərərin əvəzinin ödənilməsi məqsədilə sistemə üzv ölkələrin hər birində milli Yaşıl Kart büroları təsis edilmişdir. Azərbaycanda Yaşıl Kart bürosunun funksiyalarını İcbari Sığorta Bürosu yerinə yetirir. Bu bürolar əcnəbi sürücülərin öz avtonəqliyyat vasitələri ilə səbəb olduğu yol-nəqliyyat hadisələri nəticəsində xəsarət almış və ya əmlakına zərər dəymiş üçüncü şəxslərə vurulan zərərlərin əvəzinin sığorta ödənişi formasında veriləcəyinə təminat verir. Daha sonra, hadisə baş verən ölkənin Yaşıl Kart bürosu hadisəni törətmiş sürücünün Yaşıl Kartının mənsub olduğu ölkənin Yaşıl Kart bürosundan ödənilmiş sığorta ödənişi həcmində vəsaiti geri alır.
Sistemə üzv ölkələrə səfər edərkən “Yaşıl Kart” sığortasının alınması məcburidir
“Yaşıl Kart” sisteminə daxil olan bu və ya digər ölkəyə Azərbaycan Respublikasında qeydiyyatda olan avtonəqliyyat vasitəsi ilə səfər edən istənilən şəxs “Yaşıl Kart” sığortasını mütləq qaydada əldə etməlidir və bu müddəa “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Bir neçə ölkəyə səfər edəcək sürücülər Azərbaycanda Yaşıl Kart sığortasını əldə etməklə həmin ölkələrin sərhəd sığorta müqavilələrini almaqdan azad olur
“Yaşıl Kart” sisteminə daxil olan ölkələrə Azərbaycan Respublikasında qeydiyyatda olan avtonəqliyyat vasitəsi ilə səfər etməyə hazırlaşan şəxslər İcbari Sığorta Bürosunun iştirakçıları olan sığorta şirkətlərindən «Yaşıl Kart» sığortasını əldə etməklə səyahətləri boyunca mülki məsuliyyətlərini sığortalamış olur və beləliklə, səfər edəcəkləri hər bir üzv ölkənin ərazisinə daxil olarkən o ölkənin sərhəd sığorta müqaviləsini almaq zərurətindən azad olurlar. Burada istisna hal kimi qeyd etmək lazımdır ki, Azərbaycanla sistemə daxil olan Belarus və İsrail arasında sənədlərin qarşılıqlı tanınmasına dair müvafiq ikitərəfli sazişlər bağlanmadığından, Azərbaycan Yaşıl Kartları bu iki ölkənin ərazisində qüvvədə deyil və səfərləri bu ölkələrdən keçən Azərbaycan Yaşıl Kartı sahibləri onların ərazisinə daxil olarkən həmin ölkələrin sərhəd sığorta müqavilələrini əldə etməlidirlər. Eyni qayda marşrutu Gürcüstandan keçən Azərbaycan Yaşıl Kartı sahiblərinə və ya səfərinin son təyinat məntəqəsi bu ölkə olan sürücülərə də şamil edilir: Gürcüstan “Yaşıl Kart” sisteminin üzvü olmadığından, yolu buradan keçən azərbaycanlı sürücülər Gürcüstan ərazisinə daxil olarkən bu ölkənin sərhəd sığorta müqaviləsini əldə edə bilərlər.
Yaşıl Kartı necə almalı?
Səfərə çıxmazdan öncə vətəndaşlar İcbari Sığorta Bürosunun müvafiq reyestrinə daxil edilmiş sığorta şirkətlərinə müraciət edərək “Yaşıl Kart” sığortasını – Azərbaycan Yaşıl Kartını əldə edə bilərlər. “Yaşıl Kart” sisteminə daxil olan ölkələrə səfər edən sürücülər Azərbaycanı tərk edərkən sərhəddə gömrük orqanları tərəfindən müvafiq “Yaşıl Kart” sığortasının olub-olmaması ilə bağlı yoxlanışdan keçir. Əgər sığorta öncədən əldə edilməyibsə, bu halda onu yerindəcə, orada fəaliyyət göstərən sığorta şirkətlərinin nümayəndəliklərindən əldə etmək lazım gələcək. Bu baxımdan, eləcə də sərhəddə vaxt itirməmək üçün “Yaşıl Kart” sığortasını öncədən əldə etmək mümkündür.