Məlum olduğu kimi, 1 noyabr 2016-cı il tarixindən etibarən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta müqavilələri kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılır. İcbari Sığorta Bürosu və onun iştirakçı sığorta şirkətləri arasında, həmçinin Büro və Azərbaycan Respublikası Mərkəzi Bankın Hökumət Ödəniş Portalı (HÖP) arasında texniki inteqrasiya tam təmin edildiyi üçün AVSMMİS üzrə icbari sığorta müqavilələrinin elektron qaydada bağlanılması müvəffəqiyyətlə həyata keçirilir.
İcbari Sığorta Bürosundan Fed.az-a verilən məlumata görə, 2016-cı il noyabr ayının 1-dən 17-dək 38 707 ədəd avtomobillərin icbari sığorta müqaviləsi bağlanılılıb və 3 125 012 manat məbləğində sığorta haqqı toplanmışdır. Bu sığorta haqlarının hamısı HÖP infrastrukturu üzərindən qəbul edilmişdir. Bu isə öz növbəsində avtomobillərin icbari sığortasının elektron sənəd formasında bağlanılmasına keçidin uğulu olmasının göstəricisidir.
30 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikasında fəaliyyət göstərən 31 banka və poçt xidmətinə icbari sığorta haqları üzrə ödənişlərin “Hökumət Ödəniş Portalında əməliyyatların aparılmasına dair Kollektiv Sazişə” uyğun olaraq toplanılmasının təmin edilməsi tapşırılmış və Büro tərəfindən onun iştirakçı sığorta şirkətlərinə HÖP üzərindən sığorta haqqının ödənilməsi üçün ödəniş tapşırığının hazırlanma qaydası barədə məlumat verilmişdir.
Qeyd edək ki, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün bank və poçt şöbələri, “Express Pay” ödəmə terminalları və internet vasitəsi ilə sığorta haqlarının HÖP üzərindən toplanması mümkündür. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarına əsasən avtomobillərin icbari sığorta müqavilələri üzrə sığorta haqlarının toplanması yalnız HÖP sisteminə qoşulan ödəmə terminalları vasitəsi ilə həyata keçirilə bilər.
Əlavə olaraq bildiririk ki, Mərkəzi Bank tərəfindən digər banklara məxsus ödəniş terminallarının inteqrasiyası istiqamətində hazırda texniki işlər aparılır və yaxın gələcəkdə ödəmə terminallarının siyahısına digər bankların ödəmə terminalının da əlavə edilməsi gözlənilir.