Azərbaycanın aparıcı sığorta şirkətləri “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ Azərbaycan İpoteka Fondunun (AİF) müvəkkil sığorta şirkətləri siyahısına daxil edilib.
Bu, Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabında ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka verilməsi Qaydası”na uyğun olaraq, 1 dekabr 2016-cı il tarixində hər iki şirkətlə AİF arasında bağlanmış Əməkdaşlıq haqqında Saziş çərçivəsində mümkün olub.
Sazişə görə, “Atəşgah Həyat” SŞ AİF-in vəsaiti hesabında verilən ipoteka kreditləri üzrə borcalanların ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından, “Atəşgah” SŞ isə AİF – in vəsaiti hesabında verilən ipoteka kreditləri üzrə ipoteka predmeti olan daşınmaz əmlakın sığortalanmasını həyata keçirəcək.
QEYD: “Atəşgah” Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib. 2015-ci ilin nəticələrinə görə, ümumilikdə “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ -nin sığorta haqları 83 mln. AZN, ödənişləri isə 34,1 mln. AZN təşkil edib. Şirkətlər müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.