“AtaSığorta” ASC sığorta xidmətlərinin daha əlçatan olması və müştərilərinə yüksək keyfiyyətli sığorta xidmətləri göstərmək məqsədilə yeni “Paytaxt” filialını istifadəyə verib.
Şirkətdən verilən məlumata görə, şirkətin “Paytaxt” filialı Bakı şəhəri, Nəsimi rayonu, Akademik Mirəli Qaşqay küçəsi, 24 ünvanında fəaliyyət göstərməyə başlayıb. Geniş əhali kütləsinə və sahibkarlara xidmət göstərməsi nəzərdə tutulan rahat filial binası müasir texnoloji avadanlıqlarla təmin edilib.
Açılış mərasimində çıxış edən İdarə Heyətinin üzvü Ramil Abdullayev mərasim iştirakçılarını salamlayıb: “AtaSığorta hər zaman müştərilərinə daha da yaxın olmaqla onlara keyfiyyətli sığorta xidmətləri göstərməyə xüsusi diqqət yetirir. Yeni filial “AtaSığorta” ASC-nin strategiyasına uyğun olaraq biznesin inkişafına dəstək göstərməklə şirkətin funksiyalarını həyata keçirəcək. Filialın rahat ünvanda yerləşməsi, ofisdə yaradılmış gözəl şərait müştərilərin rahatlığına və məmnunluğuna xidmət edəcək”.
“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 35 milyon manata yaxın aktivlərə malik olmaqla 28 sığorta növü - 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. "AtaSığorta", həmçinin təkrar sığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 30-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.