Aşağıda göstərilən şirkətlər hazırda dünyanın aparıcı iqtisadiyyatı olan ölkələrdə yaradılmışdır. Şirkətlərin böyük tarixi olaması ilə yanaşı, eyni zamanda onları nəhəng maliyyə qurumlarına çevirən əsas səbəblərdən biri, geniş müştəri bazasıdır. Xususilə o ölkələrdə ki, iqtisadi sabitlik uzun illər boyu davam edir, həmin ölkələrdə vətəndaşların sığorta mədəniyyəti tam formalaşmışdır. Bu o deməkdir ki, vətəndaşlar müxtəlif sığorta xidmətlərindən rasional və davamlı şəkildə faydalanırlar.
Sıra | Şirkət | Ölkə | Cəmi aktivlər mlrd. USD (07.06.2017) |
1 | Allianz | Almaniya | 1.013.400 |
2 | AXA | Fransa | 1.004.800 |
3 | Metlife | ABŞ | 925.199 |
4 | Ping An İnsurance | Çin | 879.427 |
5 | Prudential Financial | ABŞ | 812.590 |
“Allianz” şirkəti 1890-cu ildə yaradılıb, maliyyə xidmətləri göstərən aparıcı şirkətdir. Sığortadan tutmuş aktivlərin idarə olunmasına qədər məhsullar və xidmətlər təklif edir. Hal-hazırda “Allianz” 70-dən artıq ölkədə fəaliyyət göstərir. Fərdi və korporativ müştərilər üçün təklif etdiyi sığorta məhsulları arasında əmlak və fərdi qəza sığortasından tutmuş, həyat sığortası məhsullarınadək var. Baş ofisi Almaniyada yerləşir.
“AXA” sığorta şirkəti dünyanın 56 ölkəsində 102 milyon müştəriyə 157.000 nəfər işçi ilə xidmət göstərməklə dünyanın aparıcı sığorta qrupu hesab olunur. Şirkətin əsas biznesi əmlak sığortası, fərdi qəza sığortası, həyat sığortası, aktivlərin idarə olunması və əmanətlərin saxlanılması üzrədir. “AXA” şirkətinin tarixi 1817-ci ildən başlayır ki, bu da bir neçə şirkətin birləşməsi nətisəcəsində yeni şirkətin yaradılması kimi yadda qalmışdır. Şirkətin baş ofisi Parisdə yerləşir, eyni zamanda Afrikada, Şimali Amerikada, Mərkəzi və Cənubi Amerikada, Asiya və Sakit Okean regionunda, Avropa və Yaxın Şərqdə geniş fəaliyyətə malikdir. Azərbaycanda törəmə müəssisəsi olan “AXA MBASK” şirkəti fəaliyyət göstərir.
1868-ci ildə yaradılmış “MetLife” şirkəti digər bir nəhəng olaraq, qlobal sıgorta şirkətidir. Baş ofisi Nyu-Yorkda yerləşir, əsasən sığorta xidmətləri, əməkdaşların mükafat proqramları və annunitet sığorta xidmətlərini təklif edir. Şirkət 66.000 nəfər işçi ilə 60-dan çox ölkədə fəaliyyət göstərir. “MetLife” Şirkəti ABŞ-də, Yaponiyada, Latın Amerikasında, Avropada, Asiyada, Yaxın Şərqdə ən yaxşı sığorta şirkətlərindən biri hesab olunur.
1988-ci ildə Çində yaradılmış sığorta şirkəti olan “Ping An İnsurance” əsasən həyat sığortası, əmlak və bədbəxt hadisələrdən sığorta, bank xidmətləri və s. xidmətlər təklif edir. Bazar kapitallaşması 65 milyard USD təşkil edən bu şirkət dünyanın ən yaxşı sığorta şirkətləri sırasındadır. Baş ofisi Şenzen və Şanxay şəhərlərində yerləşir. Dünya üzrə 190.000 müştəriyə xidmət göstərir.
“Prudential Financial” Şirkəti 1875-ci ildə ABŞ-də, Nyu Cersidə yaradılıb. 41 milyard ABŞ dolları həcmində kapitala malikdir. Fərdi və korporativ müştərilər üçün əsasən sığorta, o cümlədən həyat sığortası, təqaüd yönümlü sığorta məhsulları, investisiyaların idarə olunması, aktivlərin idarə olunması, broker xidmətləri, müxtəlif maliyyə xidmətlətləri, əmlak alqı-satqısı xidmətləri təklif edir. Şirkətin əsas fəaliyyəti ABŞ-də, Asiyada, Avropada, Latın Amerikasında cəmləşmişdir.
Yuxarıda göstərilən şirkətlərin maliyyə aktivlərini təhlil etdikdə çox qəribə nəticələr əldə etmək olur. Məsələn, Azərbaycanda olan ən böyük sığorta şirkətinin aktivlərinin 90-100 mln. ABŞ dolları oldugunu nəzərə alsaq, bu o deməkdir ki, “Allianz” Şirkəti aktivlərinə görə həmin şirkətdən belə 10.000 dəfə böyükdür. Və ya maliyyə aktivlərinin bu günkü həcmi 2 milyard USD-yə yaxın olan aparıcı banklarımızdan biri ilə müqayisə etsək, deyə bilərik ki, “Allianz” şirkəti böyük banklarımızdan belə 500 dəfə böyükdür.
Pərviz Quliyev, MBA
Beynəlxalq Auditorlar İnstitutunun üzvü,
Bank Tədris Mərkəzinin eksperti
Beynəlxalq Auditorlar İnstitutunun üzvü,
Bank Tədris Mərkəzinin eksperti