"AzərSığorta" Dövlət Sığorta Kommersiya Şirkətinin İdarə Heyətinin sədr müavini Hacıyev Aftandil Əskər oğlu 10.12.2021-ci il tarixindən rəsmi olaraq işindən azad olunub.
Bu barədə FED.az-a etibarlı maliyyə mənbələrindən bildirilib.
Qeyd olunub ki, Aftandil Hacıyev vəzifəsindən öz ərizəsi əsasında uzaqlaşıb. A.Hacıyev işdən çıxması ilə bağlı ərizəsini müvafiq quruma cari ilin sentyabr ayından təqdim etmişdi. Keçmiş sədr müavini hazırda yeni təyin olunmuş sədr Fərhad Adıgözəlovun müşaviri kimi çalışır.
Xatırladaq ki, Hacıyev Aftandil Əskər oğlu 1944-cu ildə Tovuz rayonunda anadan olub. O, 1967-ci ildə Mərkəzi Əmanət kassasında kontroller, 1968-ci ildə Dövlət Sığorta İdarəsinin Şəxsi Sığorta Şöbəsində inspektor vəzifəsinə, 1989-cu ildən isə Dövlət Sığorta İdarəsinin sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Fərhad Adıgözəlovu Dövlət Sığorta Kommersiya Şirkətinə sədr təyin edib.