Türk müdafiə sektoru pilotsuz uçuş aparatı (PUA) texnologiyalarının yeni tətbiqini inkişaf etdirməyə başlayıb.
FED.az xəbər verir ki, FPV kamikadze dronlarının istehsalçısı olan «SkyDagger» şirkəti sabit qanadlı PUA formatında dizayn edilmiş ilk PUA olan «SKYDAGGER TOYCA 05» adlı kiçik qurğular sürüsü hazırlayıb.
Keçən il müxtəlif siniflərə aid FPV dronlarının kütləvi istehsalına başlayan «SkyDagger» şirkəti bu dəfə öz model sırasını genişləndirərək, yeni sabit qanadlı modeli əlavə edib.
«SKYDAGGER TOYCA 05» adlanan sürü kamikadze dronu sınaqlarda yüksək manevr qabiliyyətini nümayiş etdirib.
«SKYDAGGER TOYCA 05» ölçüləri kiçik olsa da, 70 km-ə qədər uçuş məsafəsinə malikdir, 5 kq-lıq yüksək partlayıcı parçalanma döyüş başlığı ilə təchiz olunub, döyüş şəbəkəsi rabitəsini, maneələrin qarşısını almaq imkanına malikdir. Bu dronlar həm FPV, həm də tam avtonom uçuş rejimlərində işləyir. Türkiyə bu dronlardan ildə 30 000-dən çoxunu istehsal etmək imkanına malikdir.
Əsas yenilik isə «SkyDagger» dronlarının başqa bir PUA vasitəsilə istənilən yerə çatdırılmasıdır. Belə ki, sınaq zamanı «Bayraktar KALKAN DİHA» pilotsuz uçan aparatı «Skydagger 7 FPV» kamikadze dronunu müvəffəqiyyətlə yerə atıb. Bu, iki fərqli PUA-nın vahid əməliyyat sisteminə birləşməsidir.
Başqa sözlə, «Bayraktar KALKAN DİHA» dronu ənənəvi kəşfiyyat və müşahidə funksiyaları ilə yanaşı, kiçik hərbi sursatları və daha kiçik kamikadze dronları havadan döyüş bölgəsinə atılması üçün də istifadə olunmağa başlayacaq.










