Azərbaycanın Dövlət Neft Fondu indiyədək yatırım etdiyi dasınmaz əmlakların dəyərdən düşməsi səbəbindən 62 milyon dollar itirib.
Neft Fondunun açıqlamasına görə, daşınmaz əmlaka investisiya qoyuluşunda əsas məqsəd, onun uzun müddət ərzində dəyərini qoruyub saxlaması, eləcə də orta və uzun müddətdə yüksək gəlirlilik potensialına malik olmasıdır. İqtisadçı ekspert Qubad İbadoğlu bildirib ki, əslində bu sahədə düzgün və şəffaf siyasət aparılsa, buna nail olmaq mümkündür: «Dünyanın bır sıra şirkətləri əmlakdan böyük qazanclar əldə etdiyi halda Azərbaycan Dövlət Neft Fondu sahibi olduğu ofis binalarına investisiyalardan bütövlükdə itkilərə məruz qalıb».
Eləcə də bax: Neft sürətlə ucuzlaşır - QİYMƏTİ TƏHLÜKƏLİ HƏDDƏDİR
Xüsusilə böyük itkilər Neft Fondunun Londonda və Moskvada sahib olduğu əmlakın yenidən qiymətləndirilməsində üzə çıxıb. Belə ki, bu iki əmlakın alış qiyməti ilə hazırkı bazar dəyəri arasında 205,5 milyon dollar fərq yaranıb.
Hesablama Palatasının rəyində bildirilir ki, 2018-ci il 31 dekabr tarixinə Neft Fondunun daşınmaz əmlak portfeli 2 142 392 602 ABŞ dolları təşkil edib. Daşınmaz əmlak portfelinin cari hesablarda pul vəsaitlərinin qalıqları nəzərə alınmaqla xüsusi çəkisinin 47,4 %-i birbaşa investisiyaların, 2,7 %-i borc
fondlarına edilən investisiyaların, 34,5%-i fond investisiyaların və 15,4 %-i müştərək investisiyaların payına düşüb. Daşınmaz əmlaka bir başa investisiya həcmlərinin xüsusi çəkisinin digər subportfellərlə müqayisədə daşınmaz əmlak portfelində
daha yüksək (47,4%) olmasına baxmayaraq gəlirlik faizi əhəmiyyətli dərəcədə aşağı olub.
İqtisadçı ARDNF-in Londondakı əmlakdan 57,35 milyon funt sterlinq itirdiyini xüsusi qeyd edir.
Belə ki, Azərbaycan Dövlət Neft Fondu Londonun “West End” səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən dəyəri 177 350 000 funt sterlinq təşkil edən ofis kompleksini 2012-ci ilin dekabrında alıb. Hazırda bu əmlakın bazar dəyəri 120 milyon funt sterlinq təşkiledir. Bu o deməkdir ki, Fondun aktivi 57,35 milyon funt sterlinq və ya dolların hazıkı məzənnəsi ilə 121 milyon dollar azalıb, yəni Fondun sahibi olduğu əmlak dəyərinin üçdə birinə qədərini itirib.
«Bununla yanaşı narahatçılıq yaradan başqa səbəb odur ki, ötən il Fondun Londondakı ofis kompleksindən əldə etdiyi 34,74 milyon funt sterlinqin yalnız 5,83 faizi və ya 2,02 milyon funt sterlinqi büdcəyə köçürülüb. Büdcəyə bu qədər az məbləğdə vəsaitin köçürülməsini Fond kompleksdə təmir işləri ilə əlaqələndirir. Baxmayaraq ki, əmlak müqaviləsi bağlanandan sonda Fondan bildirmişlər ki, Seynt Ceyms Londonda bir sıra tarixi memarlıq binalarının yerləşdiyi mərkəzi ərazidir»-deyə iqtisadçı qeyd edir. Burada 1845-ci ildə tikilmiş bu bina tarixi fasadı saxlanılmaq şərti ilə 2003-cü ildə yenidən təmir olunmuş və “A” tipli ofis binaları sinfinə uyğunlaşdırılmışdır. Ümumi sahəsi 11 018 kvadratmetr təşkil edən bina 2023-cü ilə kimi illik icarə haqqı 9,65 milyon funt sterlinq və xalis illik gəlirlilik səviyyəsi 4,5 faiz olmaqla HSBC bankına icarəyə verilmişdir. Qeyd edilən bank hal-hazırda bu binanı Britaniyada HSBC Fərdi Bankının mərkəzi qərargahı kimi istifadə edir.