Masallı Sənaye Məhəlləsi 2018-ci ilin sentyabr ayında fəaliyyətə başlayıb. Buradakı "Farella" MMC döşək, "Baf" MMC divar kağızı, "Koriella" MMC yaylı yataq mebelləri istehsalı, "Kainat2016" MMC taxta emalı ilə məşğuldurlar.
Azərbaycanda “Bayraktar” PUA-ları istehsal olunacaq – SƏNƏD İMZALANDI
Məşhur “İkarus” avtobusları Azərbaycanda da - İSTEHSAL OLUNACAQ
Ağdamda «holland» və «mozzarella» pendiri buraxılacaq - XARİCƏ DƏ İXRAC EDƏCƏK – SƏNAYE PARKINDA YENİ REZİDENT
Lənkəranda şokolad - İSTEHSAL OLUNACAQ
FED.az xəbər verir ki, bunlardan əlavə, məhəllədə fiziki şəxslər də öz bizneslərini qurublar. Məsələn, Süleyman Qurbanov və Əsəd Əzizov mebel, Ramiz Əsgərov plastik qapı-pəncərə istehsal edirlər.
Sənaye məhəlləsində 100 nəfərə yaxın işçi çalışır, hər biri öz işinin ustasıdır. Ona görə də burada istehsal olunan məhsullar alıcılar tərəfindən rəğbətlə qarşılanır. Nəinki Masallıdan, hətta digər bölgələrdən də adamlar bu müəssisələrə müraciət edirlər. Düzdür, məhəllənin məhsulları hələlik daxili bazar üçün nəzərdə tutulub. Lakin işlər təkmilləşdikcə, keyfiyyət yaxşılaşdıqca xarici bazarlara çıxmaq imkanları da istisna edilmir.
Sənaye məhəlləsinin nəzdində Respublika Əlil Sahibkarlar İctimai Birliyinin xüsusi kursu fəaliyyət göstərir. Burada şəhid və qazi ailələrindən, habelə həssas qruplardan olan xanımlar dərzilik və xalçaçılıq peşələrinə yiyələnirlər.
Hazırda dərzilikdə 14, xalçaçılıqda 12 nəfər bu peşələrin sirlərini öyrənirlər. Kurslar 3 aylıqdır. Peşə öyrənənlərin hər birinə ayda 345 manat təqaüd verilir. İndiki kurs sıradan 3-cüdür. Xanımlara bu peşəni Rəfiqə Əsədullayeva və Tünzalə Abuzərova öyrədirlər. T.Abuzərova keçmiş Bakı Mədəni-Maarif Texnikumunu bitirib. 35 ildir xalçaçılıqla məşğuldur. Dediyinə görə, cənub bölgəsinə məxsus olan "Nəbati" xalça növünü arxivdən axtarıb tapıb və hazırda şagirdlərinə öyrədir. Bununla bərabər, T.Abuzərova Masallı Uşaq-Gənclər İnkişaf Mərkəzində dərnək rəhbəri işləyir.
Sənaye məhəlləsindəki kursları bitirən xanımların bir qismi qalıb burada işləyir, qalanları isə evlərində çalışır. Onlar Məşğulluq Mərkəzi tərəfindən lazımi avadanlıqlarla təmin olunurlar. Peşə kursunda oxuyan və oranı bitirən xanımlar sifarişlər əsasında Masallıdakı hotellər, habelə sənaye məhəlləsindəki sexlər üçün müxtəlif tikiş məmulatları hazırlayırlar.
Məlumdur ki, Masallı eyni zamanda ölkəmizin turizm məkanlarından biri sayılır. Xalçaçı qızların toxuduqları kiçik həcmli xalçalar isə turistlər tərəfindən həvəslə alınır.
Sənaye məhəlləsindəki ən iri müəssisə "Koriella" MMC-dir. Sahə rəisi Rasim Ağaverdiyev deyir ki, sexlərində 40 nəfər çalışır:
"Almaniya və Türkiyə istehsalı olan avadanlıqlarla 6-7 adda, istənilən ölçüdə yaylı yataq dəstləri hazırlayırıq. Avadanlıqlar təzə və müasir olduğu üçün hazırladığımız mebellər də keyfiyyətlidir. Yaxşı, möhkəm, keyfiyyətli məhsulun müştərisi də həmişə başının üstündədir. Ona görə də boş vaxtımız, demək olar ki, olmur. Çalışırıq ki, verilən sifarişləri vaxtında yerinə yetirək. İşçilərimizin aldıqları əməkhaqqı onları qane edir. Belə bir sənaye məhəlləsinin yaradılması adamların işlə təmin olunmasında çox xeyirlidir. Əminik ki, qarşıdan gələn illərdə sənaye məhəlləmizdə yeni məhsullar istehsal olunacaq və biz həmin məhsullarla xarici bazarlara çıxacağıq" ( "Azərbaycan" qəzeti).