Binəqədi Rayon Məhkəməsində “Giləzi-Quşçuluq Aqrar Sənaye Kompleksi” MMC-nin direktoru Elşən Usubov, kəsim sexinin rəisi Nazim Məmmədov və “Giləzi Quşçuluq Şirkəti” MMC-nin Müşahidə Şurasının sədri Mahir Mirzəyev barələrində qətimkan tədbirlərinin seçilməsinə dair təqdimatlara baxılıb.
FED.az xəbər verir ki, məhkəmənin qərarlarına əsasən, Elşən Usubov barəsində 2 ay 11 gün müddətinə həbs, Nazim Məmmədov və Mahir Mirzəyev barələrində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Qeyd edək ki, istintaq materiallarına əsasən, “Giləzi-Quşçuluq Aqrar Sənaye Kompleksi” MMC-nin istehsalat sahəsində yararlılıq müddəti bitmiş, eləcə də istehsal tarixi 24 dekabr 2026-cı il kimi göstərilmiş toyuq əti və dondurulmuş toyuq hissələri aşkar edilib.
Cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-3.2.2, 200-3.2.3 və 308.2-ci maddələri ilə kompleksin direktoru Elşən Usubov, kəsim sexinin rəisi Nazim Məmmədov və “Giləzi Quşçuluq Şirkəti” MMC-nin Müşahidə Şurasının sədri Mahir Mirzəyev təqsirləndirilən şəxs qismində cəlb ediliblər. (Apa)
Xatırladaq ki, “Giləzi-Quşçuluq Aqrar Sənayə Kompleksi” MMC 2 il əvvəl də məhkəmə tərəfindən cərimələnmişdi, amma bu pozuntu məhsulların keyfiyyəti ilə deyil, müəssissənin məcburi auditdən yayınması ilə bağlı olmuşdu.
Belə ki, 2 il əvvəl, 2024-cü ilin noyabrında Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Protokola Sabunçu Rayon Məhkəməsində baxılılıb və hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən prosesdə qərara əsasən, şirkət cərimələnib.
Xatırladaq ki, “Giləzi-Quşçuluq Aqrar Sənayə Kompleksi” 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 420 000 manat, qanuni təmsilçisi Usubov Elşən Namiq oğludur.













