Xəbər verildiyi kimi, Azərbaycanın işğaldan azad edilmiş Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə rezident statusu verilib.
Ağdam Sənaye Parkında yeni şirkət - BÖYÜK SÜD ZAVODU YARADACAQ
FED.az xəbər verir ki, "Ağdam Süd" MMC şirkəti tərəfindən Ağdam Sənaye parkında investisiya həcmi 2,2 milyon olan süd məhsullarının istehsalı müəssisəsi yaradılacaq və 40 nəfər işlə təmin ediləcək.
Bu barədə Twitter səhifəsində İqtisadiyyatr naziri Mikayıl Cabbarov məlumat paylaşıb.
«Ağdam Süd» MMC-nin təsisçisi Hafiz Tapdıqov FED.az-a bildirib ki, Sənaye Parkında süd məhsullarının istehsalı müəssisəsinin qurulması üçün 1 hektar sahə ayrılıb. Artıq 2024-cü ildən etibarən müəssisənin tikintisi başlanacaq, hazırda ərazidə infrastrukğtur işləri aparılır, su və qaz xətləri çəkilir.
Təsisçinin sözlərinə görə, müəssisədə süd və süd məhsulların istehsalı nəzərdə tutulur. Burada gün ərzində 7-12 ton süd məhsulları istehsal ediləcək.
Müəssisədə əsasən hollan pendiri, mozzarella pendiri, italyan pendiri kimi məhsullar buraxılacaq.
Əslən Ağdam rayonundan olan Hafiz Tapdıqov bildirir ki, indiyədəka südçülük sahəsində çalışıb və Ağdam Sənaye Parkı yaradılandan sonra burada süd məhsulları müəssisəsi qurmaq qərarına gəlib.
Şirkətin planlarına görə, müəssisənin istehsalı olan süd məhsulları həm ölkə daxilində, həm də xaricdə satılacaq. «Məhsullarımızı Rusiya və Avropaya ixrac etmək niyyətindəyik»-deyə bildirir. Bunun üçün Avropaya satışa imkan verən lazımi sertifikatlar da alınacaq.
«Ağdam Süd» MMC-nin rəhbəri bildirir ki, müəssisə fəaliyyətə başlayanda onun xammala olan tələbatını təmin etmək üçün gündəlik 7-12 ton südə tələbat olacaq, şirkət bu süd həcmini yaxın ərazilərdə – Ağdamda və başqa yaxın rayonlardakı təsərrüfatlardan alacaq. «Çünki uzaq rayonlardan alınıb gətiriləndə yolda südün keyfiyyətinin itirilməsi baş verə bilər. Biz isə orqanik və keyfiyyətli məhsul istehsal etmək niyyətindəyik»-deyə təsisçi bildirib.
Baqqa sözlə, Ağdam Sənaye parkında yaradılacaq bu müəssisə, keyfiyyətli süd məhsulu istehsalı və ixraca dəstək verməklə yanaşı, həm də yerli xammal istehsalçıları üçün də alıcı qismində çıxış edəcək.
Müəssisənin tikintisinə 2024-cü ildən başlanması nəzərdə tutulur.