“AzerGold” QSC-nin (QSC) cari ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrinə həsr olunmuş onlayn müşavirə keçirilib.
Eləcə də bax: Dövlət qurumu tərkibində qızıl olan - KÖMÜR SATIR
FED.az xəbər verir ki, QSC-dən verilən məlumata görə, müşavirədə çıxış edən “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov cari ilin ilk 6 ayının xeyli hissəsinin pandemiya ilə əlaqədar məhdudiyyətlərin tətbiq olunduğu dövrə təsadüf etməsinə baxmayaq, Cəmiyyətin çoxsaylı uğurlara nail olduğunu vurğulayıb.
Qeyd olunub ki, sözügedən dövr ərzində Daşkəsən rayonunda yerləşən Çovdar yatağından 28,5 min unsiya qızıl, 62 min unsiya gümüş hasil edilib, beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə qızıl hasilatında 20,3%, gümüş hasilatında isə 40,9% artım qeydə alınıb.
Bununla yanaşı cari ilin ilk 6 ayında 25,1 min unsiya qızıl, 55,6 min unsiya gümüşün ixracı nəticəsində ölkə iqtisadiyyatına 43,2 mln. ABŞ dolları (73,5 mln. manat) həcmində vəsait cəlb edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% çoxdur.
İdarə Heyəti sədrinin sözlərinə görə, cari ilin birinci yarısı ərzində dövlət büdcəsinə 5,5 mln. manat məbləğində vəsait köçürülüb. Bu vəsaitin 4,5 mln. manatı vergi, 1 mln. manatdan çoxu isə Dövlət Sosial Müdafiə Fonduna ödənişlər təşkil edib.
Müşavirədə Cəmiyyətin strateji fəaliyyət planına uyğun olaraq növbəti ildə Çovdar yatağının yeraltı mərhələsinin, Ağyoxuş və Mərəh yataqlarının, qarşıdakı illərdə isə Tüllallar, Filizçay, Qaradağ, Xarxar, Mazımçay və digər yataqların istismarı nəticəsində ölkə iqtisadiyyatına milyardla manat vəsait cəlb ediləcək, yüzlərlə yeni iş yeri açılacaq. Həmçinin ekoloji monitorinq, geoloji kəşfiyyat, hasilat, tikinti və digər istiqamətlərdə görülən işlər haqda bəhs edilib, qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.
Bütün bu layihələrin icrası ilə Qapalı Səhmdar Cəmiyyətin genişmiqyaslı regional mədən şirkəti, ölkənin ən böyük qeyri-neft ixracatçısına çevrilməsi əsas hədəf kimi qarşıya qoyulub.
Daha sonra görülmüş işlər və qarşıda duran əsas məsələlərlə bağlı müvafiq şöbələrin rəhbərləri məruzələrlə çıxış ediblər.