2019-cu ildən Balaxanı Sənaye Parkının rezidenti olan "ATA PACK" MMC istehsal etdiyi etiketləri bir sıra xarici ölkələrə satmağa hazırlaşır.
Ağdam Sənaye Parkında daha bir şirkətə rezident statusu verilib – Qazbeton blok istehsal edəcək
FED.az xəbər verir ki, etiket və qida qablaşdırma materiallarının istehsalı ilə məşğul olan "ATA PACK" MMC-nin direktoru Nicat Hüseynov bildirib ki, hazırda respublikadakı bütün yerli marka sularının etiketini onlar istehsal edirlər: “Bizim istehsala qədər bunların hamısı xaricdən idxal edilirdi. İndi məhsullarımızı ixrac etməyə hazırlaşırıq. Qazaxıstan, Özbəkistan, Gürcüstanın marka sularının istehsalçıları ilə danışıqlar aparırıq. Ümid edirəm ki, yaxın gələcəkdə bu ölkələrə məhsullarımızı satacayıq”.
N.Hüseynov qeyd edib ki, istehsal üçün lazım olan xammalları Azərbaycanla yanaşı, Rusiya, Çin, Avropa və Türkiyədən əldə edirlər. Hazırda ayda 70 ton həcmində məhsul istehsal edirlər. Lakin istehsallarını genişləndirməyi nəzərdə tuturlar: “Müəssisəyə 4 milyon manatlıq yeni sərmayənin qoyulması üçün Sahibkarlığın İnkişafı Fondunun xətti ilə dövlətdən 1 950 000 manat kredit almışıq. SİF kredit ayırmaqla işimizə çox böyük dəstək verdi. SİF nümayəndələri müraciətimizdən sonra biznesimizi dəyərləndirdilər, kredit alarkən heç bir çətinliklə üzləşmədik, bu vəsaiti çox asan şəkildə əldə etdik. Kredit hesabına aldığımız yeni avadanlıq istehsalımızı genişləndirməyə imkan verəcək”.
N.Hüseynov əlavə edib ki, rezident olmaq onlara bir çox üstünlüklər verib. Bu statusun əldə edilməsi müəssisəyə 2029-cu ilədək xaricdən bütün avadanlıqların ƏDV-siz və rüsumsuz gətirməsinə imkan verib, eyni zamanda şirkəti mənfəət vergisindən azad edib. Rezident olmaq müəssisənin gəlirlərinin artmasına da şərait yaradıb. (vergilər.az)