2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin investisiya müsabiqəsinə çıxardığı və özəlləşdirilmiş uşaq bezi və salfet kağızı istehsalı müəssisəsində əlavə istehsal xətlərinin qurulması, yeni avadanlıqların cəlb edilməsi ilə investisiya qoyuluşunun 27 milyona manata çatdırılması planlaşdırılır.
FED.az xəbər verir ki, bu barədə müəssisəyə təşkil olunmuş mediaturda məlumat verilib.
Bildirilib ki, müsabiqənin qalibi olan "Fabriora Group" MMC üzərinə ilkin mərhələdə 15 milyon manatlıq öhdəlik götürüb, bunun böyük hissəsini İnvestisiya Proqramı çərçivəsində yerinə yetirib.
Media nümayəndələrinə istehsal prosesi, məhsullar, quraşdırılan yeni avadanlıqlar və tətbiq olunan texnologiya barədə məlumat verilib.
Xatırladaq ki, bu il sentyabrın 10-da Prezident İlham Əliyev Bakının Qaradağ rayonunda yerləşən kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib. Qaradağ rayonunda 10,9 hektar ərazini əhatə edən kompleksdə əsaslı yenidənqurma işləri aparılıb. Almaniya, İtaliya və Türkiyə istehsalı olan modern texnologiyalar quraşdırılıb. Müəssisə hazırda illik 5,4 milyon paket uşaq bezi, 4,4 milyon paket tualet kağızı, 2,8 milyon paket mətbəx kağızı və 0,9 milyon paket salfet kağızı istehsal gücünə malikdir.
Müəssisədə 240 nəfər daimi işlə təmin olunub. İstehsal olunan məhsullar daxili bazarda idxalı əvəz etməklə yanaşı, Özbəkistan, Gürcüstan, Əfqanıstan və digər xarici bazarlara da ixrac edilir. (Report)












