Bu ilin yanvar-iyul aylarında Azərbaycan 3 milyard 707 milyon 828 min ABŞ dolları dəyərində 24 min 517,2 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər/qızıl, sikkə kəsilməsində istifadə olmayan, digər emal olunmamış formalarda) ixrac edib.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20,8 dəfə, kəmiyyət olaraq – 8,5 dəfə çoxdur.
Azərbaycan Böyük Britaniyaya 3 milyard 468 milyon 462 min ABŞ dolları dəyərində 21 min 902 kiloqram (son 16 ildə ilk dəfə tədarük həyata keçirilib) və İsveçrəyə 239 milyon 365 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 34 % çox) 2 min 615 kiloqram (-9,7 %) məhsul satıb.
Hesabat dövründə Azərbaycana xaricdən 21 milyon 222 min ABŞ dolları dəyərində (-99,4 %) 136,51 kiloqram (-99,6 %) qızıl gətirilib.
Azərbaycan Türkiyədən 13 milyon 710 min ABŞ dolları dəyərində (-86,2 %) 82,43 kiloqram (-92,6 %), İsveçrədən 7 milyon 432 min ABŞ dolları dəyərində (-95 %) 54 kiloqram (-96,3 %) və Birləşmiş Ərəb Əmirliklərindən 80 min ABŞ dolları dəyərində 0,1 kiloqram (1 il əvvəl tədarük olmayıb) qızıl alınıb.
Ötən il Azərbaycan ancaq İsveçrəyə qızıl satıb. Bu ölkəyə 326,2 milyon ABŞ dolları dəyərində 4 min 522 kiloqram qızıl tədarük olunub ki, bu da 1 il əvvəlki göstəricidən müvafiq olaraq 54 % və 6 % çoxdur. (Report)












