İspaniyanın "Savener" mühəndislik şirkəti Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması üzrə zavodun tikintisində mühəndis-layihələndirmə işlərini yerinə yetirmək üçün seçilib.
Duzsuzlaşdırma zavodu 25 il istismar ediləcək - RƏSMİ
FED.az xəbər verir ki, İspaniya mətbuatının yaydığı məlumata görə, şirkət Sumqayıtda əks-osmos üsulu ilə dəniz suyunun duzsuzlaşdırılması üzrə yeni qurğunun layihələndirilməsinə dair müqaviləsini qazanıb.
Məlumata görə, bu irimiqyaslı infrastruktur obyekti təxminən 3 milyon insanı içməli su ilə təmin edəcək ki, bu da onun yüksək strateji əhəmiyyətini vurğulayır.
"Savener" şirkətini baş podratçı (EPC) kimi çıxış edən HDEC ("PowerChina" qrupuna daxil olan "Huadong Engineering Corporation") korporasiyası cəlb edib, layihənin developeri isə Səudiyyə Ərəbistanının "Acwa" şirkətidir. "Savener" artıq tam şəkildə layihə üzərində işə qoşulub.
Şirkət su sektorunda zəngin təcrübəyə malikdir: əvvəllər şirkət Qubra III və Barka V (Oman), Şuvayxat və Tavila (BƏƏ), Əl-Xafci və Şüeybə III (Səudiyyə Ərəbistanı), Salala (Oman) və Mərakeşdəki obyektlər də daxil olmaqla, dünyanın bir sıra ən böyük duzsuzlaşdırma zavodlarının yaradılmasında iştirak edib.
Layihə Sumqayıt Kimya Sənaye Parkının ərazisində sutkada 300 min kubmetr gücündə dəniz suyunun duzsuzlaşdırılması zavodunun tikintisini nəzərdə tutur. İcranı Səudiyyə Ərəbistanının "ACWA Power" və Türkiyənin "IC İçtaş İnşaat" şirkətinin daxil olduğu konsorsium həyata keçirir.
Razılaşmanın şərtlərinə görə, layihənin icra müddəti 27,5 il təşkil edəcək, bu müddət başa çatdıqdan sonra obyektin idarə edilməsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə veriləcək.
Müəssisənin istismara verilməsi 2028-ci ilin IV rübünə planlaşdırılır. Layihənin dəyəri 407 milyon ABŞ dolları təşkil edir.












