Türk dövlətləri üçün ortaq İnkişaf Bankının layihəsi hazırlanıb.
FED.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər, paytaxt Ankaradan millət vəkili Kürşad Zorlu Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında bildirib.
"Türk İnvestisiya Fondunun olması çox mühümdür, amma fikrimcə, dünyada maliyyə bazarında söz sahibi olmaq üçün ortaq İnkişaf Bankı formalaşdırılmalıdır. Biz Prezidentimizin göstərişi ilə Prezident Administrasiyasının Maliyyə Ofisi ilə birlikdə bir layihə də hazırlamışıq. Bunu digər türk dövlətlərinə, eləcə də təşkilatımızın Baş Katibliyinə də təqdim edəcəyik. Biz əlimizdəki imkanlardan istifadə etməklə yanaşı, qlobal maliyyə bazarındakıə potensialdan da istifadə edib xüsusilə Orta Dəhlizin inkişafında iş adamlarımıza kreditlər və digər formalarda dəstək vermək məcburiyyətindəyik", - deyə o qeyd edib.
Bundan başqa, qonaq deyib ki, Türkiyə Orta Dəhlizdən Fars körfəzinə yeni yol açmaq istəyir: "Türkiyə olaraq bizim baxışımız təkcə Xəzər dənizindən keçid kimi istifadə etmək deyil. İraqla İnkişaf Yolu Sazişinin ilkin protokolunu imzalamışıq. Bu yol Türkiyə üzərindən fars körfəzinə istiqamətlənəcək. Bununla yanaşı, Suriya üzərindən Hicaz Dəmir Yolu Layihəsi həyata keçirilməsini hədəfləyirik. Bu o deməkdir ki, əslində Orta Dəhlizlə yanaşı Cənub Dəhlizi də bizi gözləyən yeni imkanlardır. Türkiyənin Səudiyyə Ərəbistanı və Pakistanla imzaladığı mühüm müdafiə sazişi də, məhz bu Orta və Cənub Dəhlizlərini təhlükəsizliyini təmin edəcək ciddi beynəlxalq mövqe və mərhələ kimi ortaya qoyulub". (Report)













