Banner

Sağlamlıq

“Əhali özünü karantindən sonra da qorumalıdır” - MÜSAHİBƏ

“Əhali özünü karantindən sonra da qorumalıdır” - MÜSAHİBƏ | FED.az
16:22 29 Aprel 2020

FED.az biznes portalı Respublikanın Baş Epidemioloqu İbadulla Ağayevin “Qafqazinfo”ya müsahibəsini təqdim edir:

Eləcə də bax: Azərbaycanda koronavirusun bitəcəyi yeni - TARİX AÇIQLANDI

- Hazırda ölkədə koronavirusla bağlı mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

- Bizim ölkədə karantin rejimi elan ediləndən bəri dövlətimiz tərəfindən qabaqlayıcı tədbirlər aparılıb. Məhz bunun nəticəsidir ki, bu gün biz bunun səmərəsini və bəhrəsini görürük. Cənab Prezidentin göstərişiylə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Həmin Qərargah tərəfindən bütün bu işlərə rəhbərlik edilməyə başlanıldı. Əhali birdəfəlik bilməlidir ki, il boyu səhiyyə orqanları tərəfindən profilaktik tədbirlər aparılır. Cənab Prezident tərəfindən xüsusi  göstəriş verildi. Bu göstərişin nəticəsində də bütün dövlət qurumları ayağa qaldırıldı. Sevindirici haldır ki, hazırda bizim ölkəmizdə vəziyyət normallaşmağa başlayıb.  Xəstəlik səngiməyə doğru gedir. Yəqin ki yaxın müddət ərzində bu infeksiya bizim ölkəmizdən tamamilə götürüləcək. Həyat öz axarıyla davam edəcək. Ancaq mən əhalimizin bu müddət ərzində qoyulmuş qadağalara riayət etmələrini xahiş edirəm. Onları bu rejimə riayət etməyə çağırıram. 

- Bildiyiniz kimi, karantin rejimindəki məhdudiyyətlərin bəzisi aradan qaldırılıb. Bu əhali arasında virusa yoluxmanı artıra bilərmi?

- Əgər əhali qaydalara riayət etsə, vəziyyət axarına düşəcək və xəstəlik sona çatacaq. Əhali bunu yaxşı başa düşsün ki, onların sağlamlığı üçün edilən bu tədbirlər özləri tərəfindən də yüksək qiymətləndirilir.  Karantin rejimi götürüldükdən sonra respublikamızda hər bir şey qaydasına düşəcək. Bu müddət ərzində yumşaldıcı tədbirlər aparılır. Bəs, yumşaldıcı tədbirlər aparılırsa, əhali nə istəyirsə etməlidirmi? Xeyr. Yenə əhali gigiyenik normativlərə əməl etməlidir. Gigiyenik normativlər dedikdə, bunu biz kəşf etməmişik. Bu atalardan bizə qalan yadigardır. Hər bir insan özünün həkimi olmalıdır, sağlamlığının qeydinə qalmalıdır.  İstər yoluxucu xəstəliklər, istərsə də  digər xəstəliklər olduqda mütləq həkimə müraciət edilməlidir.  Həkim təyinatından, müayinəsindən sonra müalicəyə başlanılmalıdır.  İnsanlar özbaşına müalicəyə yol verməsinlər.  Kiminsə hərarəti varsa,  özbaşına apteklərimizdən müəyyən dərman vasitələri alıb müalicəyə başlamasın. Həkimlərimizin məsləhətiylə  müalicəyə başlasınlar. Əgər karantin rejimi götürülərsə  də, müəyyən müddət ərzində əhalimiz özünü qorusun. İndi görürsünüz ki, marketlərdən başqa, digər mağazalarımız da açıldı. Həmin mağazalara getdikdə  insanlar ara məsafəsini gözləsinlər. Mağazaların satıcılarından da xahiş edirəm ki,  əhalinin sıx şəkildə girib nəyisə almasına imkan verməsinlər.  Əgər əhali mağazaya çox girirsə, növbəlilik prinsipini gözləsinlər. 

- Xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlərin sanitar-epidemioloji şəraitdən asılı olaraq mərhələli yumşaldılması zəruridirmi?

- Mütləq qaydada mərhələli şəkildə yumşaldılma olmalıdır. Bütün insanlar bunu bilməlidir ki, Qərargah tərəfindən vəziyyət nəzarətdədir. Vəziyyətdən asılı olaraq mütəmadi olaraq yumşaldıcı tədbirlər aparılacaq.  Deyək ki, tamamilə məhdudiyyətlər götürülsün, belə şey yoxdur.  Məhdudiyyətlər o zaman  götürüləcək ki, tamamilə sakitlik və sabitlik olacaq. Hər bir şey qaydasına düşəcək. Əhali narahat olmasın. Bu infeksiya bizdən kənar olacaq. Dövlətimiz  bu məqsədlə nə tədbir varsa, hamısını görüb.  Bundan sonra da görəcək. . 

- Epidemioloji vəziyyət tələb edərsə, karantin rejimi yenidən sərtləşdirilə, müvafiq məhdudiyyətlər yenidən tətbiq oluna bilərmi?

- Təbiidir ki, qaydalar yenidən sərtləşdirilə bilər. Bu əhalidən asılıdır. Onlar bu rejimə əməl etsə, bu xəstəlik müəyyən vaxt ərzində aradan qalxacaq. Hazırda ölkədə epidemioloji durum sabitdir. Bu vəziyyət idarə olunur. Əgər əhali buna riayət etməsə, risk qrupu yarana bilər və müəyyən vaxt ərzində rejim sərtləşdirilə bilər. Azərbaycanda həyata keçirilən tədbirlərin nəticəsində digər ölkələrdən fərqli olaraq vəziyyət normaldır. Hətta Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ölkəmizdə aparılan bu tədbirlər digər ölkələrə nümunə kimi göstərilir. 

- Məhdudiyyətlərin bir qismi aradan qaldırılsa da, virusa yoluxma sürətinin qarşısını almaq üçün ölkədə kütləvi tədbirlərin keçirilməsi prosesi necə olmalıdır?

- Bunlar da vəziyyətdən asılı olaraq dövlət tərəfindən nizamlanacaq.  Ölkədə Operativ Qərargah yaradılıb. Onlar tərəfindən də vəziyyətdən asılı olaraq bu məsələlər nizamlanacaq. 

Digər xəbərlər

Banner