"Özəl tibb sektorunda assosiasiyanın yaradılması çox vacibdir".
FED.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev "Tibb biznesi forumu: mövcud vəziyyət və perspektivlər"mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.
Eləcə də bax: ZAUR ƏLİYEV: “İlin sonuna qədər bütün tibb müəssisələri publik hüquqi şəxs olacaq"
Onun sözlərinə görə, müxtəlif sahələr üzrə assosiasiyalar var: "Amma özəl tibb sektorunda çalışan həkimləri koordinasiya edən, onların ümumi maraqlarını, problemlərini müzakirə edən, cəmiyyətə, dövlət orqanlarına çatdıran qurum yoxdur. Belə bir assosiasiyanın olması gələcəkdə bu sistemin daha geniş inkişaf etməsinə şərait yaradacaq". Musa Quliyev Azərbaycanda tibbi turizminin də birtərəfli inkişaf etməsindən təəssüfləndiyini bildirib: "Çünki tibbi turizmlə məşğul olanlar Azərbaycandan qonşu ölkələrə xəstə axını təşkil edir. Ona görə də Azərbaycana da İrandan, Gürcüstandan, Türkiyədən, Dağıstandan xəstə insanların müalicəyə gəlməsi üçün normal sistem qurulmalıdır. Vətəndaşlarımızı xaricə göndərməklə tibbi turizm sahəsində uğur qazana bilmərik"-deyə o əlavə edib.