Azərbaycana COVAX platforması çərçivəsində yeni növ koronavirusa (COVİD-19) qarşı vaksin göndərilib.
FED.az xəbər verir ki, vaksin yüklü təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib. 84 min dozalıq vaksin partiyasını TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, BMT, ÜST nümayəndələri qarşılayıb.
Qeyd edək ki, GAVI (Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansı) təşkilatının Kommunikasiya üzrə baş meneceri Rozi Qrivs martın 30-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevlə onlayn formatda görüşdə bildirib ki, ilkin mərhələdə Koreyadan “AstraZeneca” şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi (“Vaxzevria”) Azərbaycana göndəriləcək. Eləcə də, 8 həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq.
Ümumilikdə may ayının sonuna qədər Azərbaycana “AstraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksinin idxalı nəzərdə tutulub.
Qeyd edəki ki, bəzi vaksinlərin saxlanılması üçün xüsusi şərait (əsasən aşağı temperatur konteynerləri) tələb olunur. Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib ki, "Vaxzevria” (əvvəlki adı “AstraZeneca”) vaksini adi peyvənd kimi 2-8 dərəcə temperaturda saxlanılır. Ona görə də həmin vaksinin saxlanılması üçün ölkədə kifayət qədər yer və şərait var.