Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Azəri Med” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.
"Zeytun" aptekləri cərimələndi – DƏRMANI QİYMƏTİNDƏN BAHA SATIRMIŞ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Dövlət Agentliyinin istehlak bazarına nəzarət və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tərtib edilmiş protokollara dair məlumatında bildirilir.
Məlumata görə, “Azəri Med” MMC tərəfindən dərman vasitəsi Tarif (qiymət) Şurasının təsdiq etdiyi pərakəndə satış qiymətinin yuxarı həddindən baha satılıb.
Bununla əlaqədar şirkət barəsində 28 iyul 2026-cı il tarixində inzibati xəta haqqında protokol tərtib edilib.
Agentliyin məlumatına əsasən, bu hal “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.7-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilib.
Pozuntu İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsi – dövlət qeydiyyatından keçmiş dərman vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətdən yuxarı qiymətə satılması üzrə rəsmiləşdirilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 221.3-cü maddəsinə əsasən, dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin müəyyən edilmiş qaydada tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satışına görə hüquqi şəxslər 3 000 manatdan 5 000 manatadək cərimə edilir.












