Bakıda təndir evinin fəaliyyəti məhdudlaşdırılıb.
Bu barədə FED.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verilib.
Bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, S.Mehmandarov prospekti 94 ünvanında fəaliyyət göstərən fiziki şəxs Nəsibov Amil Mübariz oğluna məxsus “Gürcü” təndir evində plandankənar yoxlama aparılıb.
Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar gigiyenik vəziyyətin qənaət bəxş olmadığı, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub.
Belə ki, müəssisəyə qəbul edilən və qutabın hazırlanmasında istifadə olunan xammalların keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərin təqdim edilmədiyi, soyuducularda məhsulların saxlanması zamanı mal qonşuluğu prinsipinə riayət olunmadığı, istifadə edilən alət və avadanlıqların təmizlənməsi, dezinfeksiyası və saxlanması üçün isti və soyuq su ilə təchiz olunmuş yuma sahələrinin təşkil edilmədiyi, pəncərələrin zərərvericilərə qarşı qoruyucu torla təmin edilmədiyi, çalışan işçilərin gigiyena qaydalarına əməl etmədiyi, xüsusi geyimlə və fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi müəyyən edilib.
Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.