2025-ci il fevral ayının 1-nə banklar tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları təxminən 27,5 milyard manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Ölkə üzrə ümumilikdə orta faiz dərəcəsi 13,36%-ə bərabər olub.
Bunun da 21 milyard manatı Bakı iqtisadi rayonunun payına düşüb.
Bakıdan sonra ən çox kredit 1 milyard 100,5 milyon manat olmaqla Abşeron-Xızı iqtisadi rayonunun payına düşüb.
Gəncə-Daşkəsən iqtisadi rayonunda isə bu göstərici 821,1 milyon manat təşkil edib.
Lənkəran-Astara iqtisadi rayonunda kreditlərin həcmi 652,4 milyon manata bərabər olub.
Mərkəzi Aran iqtisadi rayonu üzrə verilmiş kreditlərin həcmi 552,5 milyon manat, Qazax-Tovuz iqtisadi rayonu üzrə 524,6 milyon manat təşkil edib.
Ən az kredit isə 9,8 milyon manatdan bir qədər yüksək olmaqla Şərqi-Zəngəzur iqtisadi rayonunun payına düşüb.
Məlumata görə orta faiz dərəcəsi ən yüksək olan iqtisadi rayonlar Dağlıq-Şirvan (19,36%), Qarabağ iqtisadi rayonu (19,16%), Lənkəran-Astara (19,08%) və Mil-Muğan (19,01%) iqtisadi rayonları olub.
Ən aşağı orta-faiz dərəcəsi isə Bakı iqtisadi rayonunda (12,04%) qeydə alınıb. Bakıdan sonra ən ucuz kreditlər 14,65% olmaqla Naxçıvan iqtisadi rayonunda olub.