Azərbaycanın qeyri-bank sektorunun fəal iştirakçılarından olan «Kəpəz BOKT» MMC 2022-ci il üzrə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, 2021-ci illə müqayisədə şirkət kəskin böyüyüb, xalis mənfəəti isə dəfələrlə artıb.
Hesabata görə, 2022-ci ildə «Kəpəz BOKT» MMC-nin faiz gəlirləri 2,5 dəfə artaraq 2021-ci ildəki 1 milyon manatdan 2022-ci ildə 2,53 milyon manata yüksəlib.
Şirkətin faiz xərcləri də 2 dəfədən çox artaraq 297 min manatdan 639 min manata yüksəlib.
Nəticədə «Kəpəz BOKT» MMC-nin xalis faiz gəliri 1,9 milyon manata yüksəlib.
Şirkətin fəaliyyətini genişləndirməsi inzibati xərclərin artımı ilə müşayiət olub – 2021-ci ildəki 439 min manatdan 2022-ci ildə 850 min manata yüksəlib.
Nəticədə «Kəpəz BOKT» MMC-nin vergidən əvvəlki mənfəəti 956 min manat təşkil edib, 193 min manatlıq vergi ödənişindən sonra isə xalis mənfəəti 772,5 min manat olub. Bu 2021-ci ildəki mənfəətdən 18 dəfə artıqdır. Xatırladaq ki, «Kəpəz BOKT» MMC 2021-ci ili 42 min manat xalis mənfəətlə bağlayıb.
2022-ci ildə «Kəpəz BOKT» MMC-nin aktivləri 3 milyon manat və ya 60% artaraq 5,1 milyon manatdan 8,1 milyon manata yüksəlib. Artım demək olar ki, bütünlüklər kredit portfelinin hesabına baş verib.
2022-ci ildə «Kəpəz BOKT» MMC-nin kreit portfeli 3,1 milyon manat artaraq 3,8 milyon manatdan 6,9 milyon manata yüksəlib.
2022-ci ildə «Kəpəz BOKT» MMC-nin öhdəlikləri isə 2,2 milyon manat və ya 605 artaraq 3,8 milyon manatdan 6,1 milyon manata yüksəlib.
Öhdəlikelərin artımının əsas mənbələri müddətli borc öhdəlikləri (1,57 milyon manat) və istiqrazlardır – 2022-ci ildə «Kəpəz»in istiqraz portfeli daha 1,4 milyon manat artaraq 3 milyondan 4,4 milyon manata yüksəlib.
Yeri gəlmişkən, kredit portfelinin və faiz gəlirlərinin sürətlə böyüməsi göstərir ki, «Kəpəz BOKT» MMC istiqrazlardan cəlb edilən vəsaitləri səmərəli istifadə edir.
Xalis mənfəətin artması «Kəpəz BOKT» MMC-nin cəmi kapitalınının artmasına da şərait yaradıb. Nəticədə kapital 1,3 milyon manatdan 2 milyon manatadək yüksəlib.