İndiyə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində biznes qurmaq, həmin ərazilərə investisiya yatırmaq istəyən sahibkarlardan 1 550-dən çox müraciət daxil olub.
Qarabağ və Şərqi Zəngəzurda sahibkarlara veriləcək güzəştli kreditlərin şərtləri - AÇIQLANDI
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev Bakıda keçirilən "Dayanıqlı maliyyə və investisiya" mövzusunda II Bakı Forumunda bildirib.
"Müraciətlərin 500-ə qədəri xarici investorlara məxsusdur. Ümumiyyətlə, müraciətlərin sayı və intensivliyi Qarabağ və Şərqi Zəngəzurda biznes fəaliyyətinə marağın kifayət qədər yüksək olduğunu göstərir", - deyə o qeyd edib.
Sədr müavini həmçinin deyib k, KOBİA fəaliyyətini getdikcə genişləndirir: "İlk dövrlərdə Agentliyin fəaliyyəti 5 əsas strateji istiqaməti əhatə edirdi. Bunlar KOB-ların bilik və innovasiyalara (1), bazarlara (2) və maliyyə resurslarına (3) çıxışının yaxşılaşdırılması, biznes mühitinin daha da təkmilləşdirilməsi (4) və biznes yönümlü dövlət və özəl xidmətlərdən istifadə imkanlarının genişləndirilməsi idi. Artıq növbəti mərhələdə KOB-ların rəqəmsallaşması, "yaşıl iqtisadiyyat"da rolunun artırılması, xüsusilə onların dayanıqlığının artırılması ön plana keçdi. Sadalanan bu istiqamətlər 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyasında da təsbit olunub. İnvestisiya ilə bağlı qlobal meyllərə də nəzər saldıqda görərik ki, investorlar dayanıqlıq məsələlərinə, xüsusilə ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin, beynəlxalq terminologiya ilə desək ESG yanaşmasının tətbiqinə xüsusi diqqət yetirirlər.
Bu baxımdan 2022-ci ildə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya çərçivəsində ESG prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə alt-qrup yaradılıb və rəhbərlik KOBİA-ya həvalə edilib. Alt-qrup aidiyyəti dövlət qurumlarının və özəl sektorun təmsilçilərinin iştirakı ilə orta müddətli dövr üzrə strateji baxış və müvafiq yol xəritəsi hazırlanıb və həyata keçirilir".
R.Atakişiyev həmçinin deyib ki, hazırda KOB klasterinin yaradılması ilə bağlı KOBİA-ya müraciətlər daxil olur: "Şübhəsiz, qarşıdakı dövrdə Azərbaycanın investisiya mühitində dominantlıq edəcək əsas istiqamətlərdən biri işğaldan azad edilmiş ərazilərdə bizneslərin, eləcə də KOB subyektlərinin fəaliyyətinin qurulması və təşkili məsələləri olacaq". (Report)