Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində mühüm işlər görülüb.
Büdcənin pullarının 11 %-ə yaxını azad edilmiş ərazilərə ayrılacaq
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2024-cü il büdcə zərfinin müzakirəsi zamanı Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində mühüm işlər görülüb: “Möhtərəm Prezident İlham Əliyev Birinci Vitse-prezident Mehriban xanım Əliyeva ilə birgə möhtəşəm bərpa-quruculuq işlərinə bilavasitə başçılıq edir. Qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 12 mlrd manat vəsait ayrılmışdır. 2024-cü ilin dövlət büdcəsində isə 4 milyard manat vəsait nəzərdə tutulmuşdur. Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün sonrakı illərdə 14,5 mlrd manat vəsait nəzərə alınmaqla 2022-2026-cı illərdə ümumilikdə təqribən 30,5 milyard manat məbləğində vəsait tələb olunur.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr, verilən vergi, gömrük, sosial sığorta, investisiya təşviqi, kredit və digər güzəştlər paketi həmin rayonların sürətlə dirçəlməsinə, əhalinin məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir”. (Apa)