Ağdamda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir, müasir tələblərə cavab verən otellər inşa olunur. Artıq Ağdam şəhərində iki otel istifadəyə verilib. Hazırda tikintisi davam edən “Hilton Garden İnn” hotelində isə işlərin icrası 60 faiz yerinə yetirilib.
Xankəndidə “Bulud” hoteli açıldı - PREZİDENT İŞTİRAK ETDİ - FOTOLAR - YENİLƏNİB
FED.az xəbər verir ki, “Hilton Garden İnn” hotelinin layihə rəhbəri Sinan Rəcəbli bildirib ki, ümumi sahəsi 2,16 hektar olan hotel 2, 6 və 7 mərtəbəli 3 bloklu binadan ibarətdir. Ən müasir standartlara cavab verən hotel binasında 127 otaq var, qonaqların zövqünü oxşayan interyer işləri görülüb.
Birinci mərtəbədə qonaqları foye və rahat gözləmə zonası qarşılayır. Hoteldə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans və iclas zallarının yaradılması nəzərdə tutulur. Buradakı restoran, banket zalları qonaqların həm yüksək səviyyədə qidalanmalarına, həm də asudə vaxtlarını keçirmələrinə geniş imkanlar yaradır. Müasir hoteldə qonaqların sağlamlığını və istirahətini təmin etmək məqsədilə hovuz, fitnes və SPA mərkəzləri də yaradılır.
“Hilton Garden İnn” hotelində 100-dən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub. (Azərtac)